“Ans və Vahid Mustafayevin sayəsində tanındım, bu gün də münasibətimiz var” - FOTO+ÖZƏL
Şou-biznes
54
10:30, Bu gün

“Ans və Vahid Mustafayevin sayəsində tanındım, bu gün də münasibətimiz var” - FOTO+ÖZƏL

Tanınmış müğənni Mina Hüseyn Moderator.az-ın suallarını cavablandırıb.

-Mina, son 1 ildə sizi efirlərdə çox az görürük. Bu nə ilə əlaqədardır?

-Son bir ildə efirlərdə az görünməyim şüurlu bir seçimdir. Bu müddətdə həm yaradıcılığım üzərində daha çox işlədim, həm də özüm üçün müəyyən pauza verdim. Keyfiyyətə daha çox önəm verdiyim üçün hər efirdə görünməkdənsə, doğru zaman və doğru layihələrlə tamaşaçı qarşısına çıxmağı üstün tutdum. Əslində bu, efirlərin dəyərdən düşməsi ilə bağlı deyil. Televiziya kanallarımızın zəhmətini və səviyyəsini hər zaman yüksək qiymətləndirirəm. Sadəcə son dövrdə iş qrafikim kifayət qədər sıx olub və hər dəvəti qəbul etmək mümkün olmur. Mən efirə çıxanda tamaşaçıya həqiqətən dəyər qatacaq, maraqlı və dolğun mövzularda çıxmağı üstün tuturam. Ona görə də seçimlərim bir az daha diqqətli olub.

-Əvvəlki Mina ilə indiki Mina arasında nə qədər fərq var? Nələr dəyişib, nələr daha da mükəmməlləşib?

-Əvvəlki Mina daha çox hissləri ilə hərəkət edirdi, indiki Mina isə nə istədiyini dəqiq bilir. Zamanla həm baxışlarım, həm seçimlərim dəyişib, daha seçici olmuşam. Öz üzərimdə işlədikcə detallar ön plana çıxıb, səhnədə də, həyatda da daha balanslı və rahatam. Mükəmməllik iddiası yoxdur, amma indiki Mina əvvəlkindən qat-qat özünü tanıyır və bu da hər şeyi daha gözəl edir.

-Amma sizin sənət həyatınızda hər zaman belə fasilələr olub.. Bir müddət əvvəl də çıxdınız, sonra yenə fasilə oldu..

-Bəli, sənət yolumda zaman-zaman belə fasilələr olub və bunu çox təbii hesab edirəm. Yaradıcı insan nəticədə insandır. Hissləri, enerjisi, daxili ritmi var. Bəzən dayanmaq, kənardan baxmaq, yenilənmək lazımdır. Bu fasilələr mənim üçün geriyə addım deyil, əksinə, daha dolu və daha hazır qayıtmaq üçündür. Çünki yaradıcı insan fasilə verəndə yox olmur, sadəcə içində yenilənir.

-Mina, siz Ans telekanalından tanındınız.. Bu kanal sizə geniş imkanlar yaratdı, ekranda göründünüz, serial və filmlərdə rol aldınız. Ans kanalının rəhbəri, tanınmış jurnalist Vahid Mustafayevlə bu gün münasibətiniz necədir? Yəni, kanalın bağlanması dostluqları bitirməyib ki?

-ANS mənim sənət yolumda çox önəmli mərhələdir və bu kanala, eləcə də Vahid müəllimə hər zaman hörmətim var. Onun sayəsində geniş imkanlar qazandım, tamaşaçı məni tanıdı. Kanalın bağlanması insan münasibətlərini bitirmir. Vahid müəllimlə əlaqələrimiz hər zaman normal olub, bayramlarda bir-birimizi təbrik edirik.

Yaxşı münasibətlər zamanla və məkanla ölçülmür.

-Şəxsi həyatınızda nə kimi yeniliklər var?

-Hazırda davam edən bir münasibətim yoxdur. Vaxtımı və enerjimi əsasən işimə, yaradıcılığıma yönəltmişəm.

Link kopyalandı!
Son xəbərlər