Dünyaca məşhur Türkiyəli müğənni Ajda Pekkanın bacısı, bir müddət müğənni kimi tanınan və sevilən sənətçi Semiramis Pekkan ağciyər xərçəngi ilə mübarizə aparır.
Moderator.az xəbər verir ki, bu günlərdə qonaq olduğu verələşlərin birində Semiramis Pekkan ailəsi, xəstəliyi, keçmişi ilə bağlı bəzi etiraflar edib.
Ata-anası Nevin və Rıdvan Pekkan haqqında danışarkən ifaçı atasının onu başqa ailəyə övladlıq vermək istəməsini ilk dəfə açıqlayıb:
“Doğulanda çox çirkin, qara, tüklü, fəlakət bir şey olmuşam. Annam tibb bacısına deyib ki, ‘Bu mənim deyil, səhv gətirmisiniz’. Atam isə məni övladlıq vermək istəyib.”
S.Pekkan atasının bacısı Ajda Pekkanı daha çox sevdiyini də qeyd edib.
Pekkan uğursuz evliliklərinin də məhz ata sevgisi görməməsindən qaynaqlandığını əlavə edib:
“Heç vaxt atamla çox yaxın olmamışıq. Ona görə də həyat yoldaşlarım həmişə yaşda məndən böyük olublar.”
O, 2017-ci ildə vəfat edən Yeşilçam aktyoru Fikret Hakan haqqında da danışıb:
“Fikret Hakanı ilk dəfə Galatasaray Adasında gördüm. 15 yaşım vardı. Qayıqdan endi, dünyanın ən yaraşıqlı kişilərindən biri idi. Huşumu itirməmək üçün özümü zorla saxladım. Evliliyimiz 3 ay davam etdi.”
Xəstəliyi haqqında da danışan Pekkan deyib:
“Xərçəng olduğumu eşidəndə heç əhvalımı pozmadım. Özümü türk həkimlərinə etibar etdim. Çox yaxşı bir müalicə prosesi keçirdim. İndi qorunma mərhələsindəyəm.”