Şou-biznes
268
13:56, Bu gün

"Oriyentasiyamı neynirsiniz? Daxili aləmimə baxın" - Samir Bağırov yoxa çıxmasının səbəbindən DANIŞDI

Moderator.az tanınmış estrada müğənnisi Samir Bağırovun APA-ya müsahibəsini təqdim edir
 
Müsahibəyə gedəcəyim gün səhər vaxtı təqvimdə ayın 7-si olduğunu görəndə sevindim. Deyirlər, 7 uğurlu rəqəmdir. Sevinməyimin səbəbi isə Samir Bağırovun rəqəmlərə qarşı həssaslığı idi. Fotoqrafımızla birlikdə müsahibə məkanına daxil olarkən adəti üzrə telefonumda xəbər lentini yenilədim və Ukrayna ilə bağlı hansısa pilotsuz uçuş aparatı hücumu barədə xəbər qarşıma çıxdı. Müsahibimin anasının əslən ukraynalı olduğunu xatırlayanda ilk sualımı müəyyənləşdirdim...

 

Rusiya-Ukrayna müharibəsi bir yaradıcı şəxs kimi məni çox narahat edir

– Ananız ukraynalıdır, Bakıya nə vaxt gəlib?

– Anamın atası əslən ukraynalı olub. O, İkinci Dünya müharibəsindən əvvəl Ukraynadan Azərbaycana gəlib, Bakıda məskən salıb. Daha sonra müharibəyə yollanıb və orada həlak olub.

– Ananızın Vətənində müharibə gedir, günahsız insanlar ölür...

– Rusiya-Ukrayna müharibəsi bir yaradıcı şəxs kimi məni çox narahat edir. Təkcə ona görə yox ki, Ukrayna mənim anamın vətənidir. Ümumiyyətlə, sülhün, əmin-amanlığın yanında olan insanam. İran-İsrail, ABŞ-Venesuela məsələləri... Məni hər şey narahat edir. Dünyada nə baş verdiyini başa düşürəm. Bu xaos elə-belə deyil. Nəticə müsbət olacaq. Dəyişiklik həmişə böhranla mümkün olur. Bütün dünya sistemi yenilənir. Biz beş ildən sonra bu dünyanı tanımayacağıq.

– Hərbi xidmətdə olmusunuz?

– Musiqi ilə, səsimlə hərbi xidmət etmişəm. Sovet vaxtı hərbi orkestrdə çalışmışam. Həmin orkestrdə o vaxt SSRİ ölkələrinin hər birindən nümayəndə var idi.

Təsəvvür edin, Sovet vaxtıdır, Ermənistan-Azərbaycan münaqişəsi baş verib, mən Moskvadayam və Akademiyada dörd müəllimim ermənidir

– Səksənlərin sonu, doxsanların əvvəli – Azərbaycanda xaotik vəziyyət hökm sürəndə Bakıdaydınız?

– Həmin illər Moskvadaydım. “Yalta-91” müsabiqəsindən sonra bir müddət orada yaşadım. O zaman məşhur rus bəstəkarı İqor Krutoy mənim üçün iki mahnı bəstələdi.

– Bəs Bakıya nə vaxt qayıtdınız?

– 1995-ci ildə. Bakı mənim üçün tamam başqa yerdir... Düzdür, kosmopolitəm, Yer kürəsinin sakiniyəm, amma Azərbaycan mənim Vətənimdir, həmişə bunu belə dərk etmişəm. Anam Amerika vətəndaşıdır, orada yaşayıb, bacım Niderland vətəndaşıdır. Mən isə buradayam. Bu, Azərbaycanı necə sevdiyimin sübutudur.

– Qarabağ müharibəsini Moskvadan, ermənilərin sıx olduğu ərazidən izləmək bir azərbaycanlı üçün elə də asan olmamalı idi...

– Çox narahat illər idi. Birinci Qarabağ müharibəsi illərində Qnesinıx adına Rusiya Musiqi Akademiyasında oxuyurdum. Təsəvvür edin, Sovet vaxtıdır, Ermənistan-Azərbaycan münaqişəsi baş verib, mən Moskvadayam və Akademiyada dörd müəllimim ermənidir. Çox çətin idi.

Toyxana, türk ritmlərini qarışdırıblar bir-birinə, bunun adı estrada deyil

 

– Erməni müəllimlərdən özünüzə qarşı hər hansı xoşagəlməz hərəkət görürdünüz?

– Müəllimlərimdən biri Bakı ermənisi idi, onunla yola gedirdik. Digəri Özbəkistan ermənisi idi, o da yaxşı idi. O biri Moskvada doğulmuşdu, anası yəhudi idi deyə, elə bil, ümumiyyətlə, qafqazlı deyildi. Solfecio müəllimim isə Ermənistandan gəlmişdi. O, canımı boğazıma yığmışdı. Deyirdi, sən tənbəlsən, öz millətinə oxşamısan, onlar kimi tənbəlsən... Təkcə Moskvada deyil, bir çox yerdə, elə Bakının özündə də vokal, estrada üzrə təhsil alan tələbələrin solfecio ilə qəti arası olmayıb.

– Erməni solfecio müəlliminiz sizə mane olurdu?

– Məhz o məni məcbur etdi ki, mən Rusiyadakı Musiqi Akademiyasından akademik məzuniyyətə çıxım. Ona görə də, dördillik akademiyanı üç il oxudum, diplom almadım. Bir başqa amil də var. Mən Moskvada musiqi təhsili alarkən “Yalta-91”a hazırlaşanda dedilər, Samir, sən müsabiqədə Bakını yox, Moskvanı təmsil elə, çünki Qnesinıx adına Rusiya Musiqi Akademiyasında oxuyursan. Razılaşmadım. Qazaxıstandan gəlib Moskvada akademiyada təhsil alan Murat Nasırov isə Moskvanı təmsil etməyə razılaşdı. 1991-ci ildə keçirilən “Yalta” müsabiqəsində Murat Nasırov birinci yerə çıxdı, mən isə ikinci. Müsabiqənin redaktoru mənə dedi ki, sənin birinci yerə çıxmamağına səbəb Moskvanı yox, Bakını təmsil etməyin idi.

– Sonradan Rusiya Musiqi Akademiyasında təhsilinizi başa vurdunuz?

– Yox, oradan diplom ala bilmədim, dördillik idi, mən o erməni solfecio müəlliminə görə üç il oxuya bildim... İnanırsınız, o qədər diplomum var. Onlar heç nəyə lazım deyil. Bir dəfə Amerikada diplomlarımı göstərdim, danışdım. Dedilər, lazım deyil, mikrofonu götürün və oxuyun, bu qədər.

– Səhv etmirəmsə, Rusiya Musiqi Akademiyasına getməzdən əvvəl Bakı Musiqi Akademiyasındakı təhsilinizi də yarıda saxlamısınız...

– Bilirsiniz, Bakı Musiqi Akademiyasında estrada fakültəsi yox idi. Heç o sahədə müəllim də tapılmırdı... Ümumiyyətlə, bizdə estrada sözünü düz başa düşmürlər. İndikilər estrada müğənnisi deyil. Toyxana, türk ritmlərini qarışdırıblar bir-birinə. Qəribə sintez yaradıblar. Amma bunun adı estrada deyil. Bizdə normal estrada müğənnilərinin sayı çox azdır.

– İndi Azərbaycanda estrada məktəbi var?

– İndi də yoxdur.

– Axı bunu yaratmaq həm də sizin və sizin nəsildaşlarınız olan müğənnilərin, “Bakı Payızı” ilə gələn dalğanın boynuna düşürdü...

– Hamısı pul qazanmaqla məşğul oldu, onlara estrada məktəbi lazım deyildi.

– Bəs siz özünüz?

– Nə bilim, mən də beləyəm. Mən cavanlarla işləməyə hazıram. Amma təşkilatçılıq baxımından məndən nəsə gözləmək olmaz.

– Rusiyaya gedəndən sonra aradakı hansı fərqləri gördünüz?

– Sovet vaxtı hər yerdə vəziyyət eyni idi. İndi müqayisə etmək olar. Hazırda Rusiyada da estradanın vəziyyəti bir o qədər yaxşı deyil.

İndi köhnə Samir Bağırovdan əsər-əlamət yoxdur

– Sizin Rusiyada qalıb, oranın sənət dünyasına qoşulub populyarlaşmağınız üçün çox böyük şansınız var idi. Niyə geri qayıtdınız ki?

– Rusiyada qalmağım üçün mənə yalvarırdılar. Qohumlarıma deyirdilər ki, Samirin pasportunu gizlədin, getməsin... Beyinlə yaşamıram, hisslərlə yaşayıram. Hissiyatım dedi ki, Bakıya qayıtmaq lazımdı. Deyirlər, Samir tənbəldir. Xeyr, sadəcə hər şeyin vaxtını gözləyirəm.

– Bakıya gəlməyinizlə bağlı o vaxt mədəniyyət naziri Polad Bülbüloğlu da sizə nələrsə deyib...

– Polad müəllim məcbur etmirdi, sadəcə məsləhət verirdi.

– Sualımı səhv başa düşməyin, sizin hansı səviyyədə istedad sahibi olduğunuz hər kəsə məlumdur. Amma insanların sizdən bir gözləntisi var idi. Hamının yerli-yersiz tənqid olunduğu dövrdə fenomenə çevrilmişdiniz, zirvəyə doğru irəliləyirdiniz və sizi sevirdilər. Niyə bu gözləntiləri doğrultmaq yerinə, geri addım atdınız?

– Sizinlə razıyam... Bundan sonra o gözləntilərə cavab verməyə hazıram. Özünüz görəcəksiniz...

– Sizin bir müddət hər yerdən yoxa çıxmağınıza klassik dillə inzivaya çəkilmək deyirlər. Sanki bu inziva təkcə sənətdə deyildi. Hamıdan uzaqlaşmışdınız. Məsələn, ananızı on ildir görmürsünüz... Nə idi bunun konkret səbəbi?

– Bunun bir yox, bir neçə səbəbi var. Əsas fikri sizə çatdırmaq istəyirəm. Bu belə olmalı idi. On il ərzində qeyri-adi hadisə baş verdi. Elə bil məni söndürmüşdülər, elə bil heç müğənni deyildim. Sanki oxumaq mənim uşaqlıq arzum deyildi. Hər şeyi unutmuşdum. Səhnədən uzaq həyat yaşadığım müddətdə ağzımı açıb bir dəfə də nəsə oxumamışdım, zümzümə etməmişdim. Bu vaxt ərzində içimdə nələr-nələr üzə çıxdı. Mən özümü bu müddətdə tanıdım, özümü kəşf etdim. İndi köhnə Samir Bağırovdan əsər-əlamət yoxdur. Tam yeni Samir Bağırov doğulub.

– Bu dəyişiklik səsinizdə özünü necə büruzə verib? Çünki uzun müddət oxumayanda sonralar səsin cilovunu əldə saxlamaq da çətin olur...

– Təkcə daxili aləmim yox, səsim də dəyişib. Peşəkar musiqiçi olaraq bilirəm ki, əgər müğənni uzun müddət oxumursa, o səsini yenidən formaya salmalıdır. Bunun üçün bir neçə il əvvəl müəllim yanına getdim. Beşinci, altıncı məşqdə müəllim sual verdi ki, neçə ildir oxumursunuz? Dedim, artıq on ilə yaxındır. Dedi, hər şeydə bir xeyir var, indi sizin səsiniz 28 yaşlı cavan oğlanın səsidir. Baxın, istənilən böhrandan pozitiv çıxmaq mümkündür. Problemlər bizi inkişaf etdirir.

– Sizi əvvəlki Samir Bağırovda nələr qane etmirdi? Samir Bağırovu yeni mərhələyə qədəm qoymağa, yeni şəxsiyyət yaratmağa nə vadar etdi?

– Yaranmış şərait məni buna vadar etdi, mən də axınla üzdüm.

– Hansı şərait?

– Öz həyat fəaliyyətimlə bağlı... Adi şeyləri nümunə çəkəcəm. Əvvəllər gecədən səhərə qədər oyaq olurdum, günorta üçdə-dörddə oyanırdım. Pandemiyadan sonra səhər yeddidə oyanıram. Əvvəllər səhər canlı efirə gedə bilmirdim... Baxın, hər şey bu cür dəyişir. Əgər vicdanla yaşayırsansa, kiməsə pislik etmirsənsə, Tanrı yollarını açır.

Qorxurdum deyə, səhnəyə qaçırdım, sənətə üz tuturdum, hərdən o güclər məni öz tərəfinə çəkirdilər

– Numerologiya və Samir Bağırov... Ezoterika, öncəgörmə və s. Sizin bu sahə ilə məşğul olduğunuzu öyrənəndə, sözün düzü, təəccübləndim və bir o qədər də maraqlı gəldi... Numerologiya üzrə sizi hansı mərhələdə hesab etmək olar?

– O qədər də güclü deyiləm... Numerologiya məni daha çox özünə çəkir, bəlkə, musiqidən daha çox.

– Nə vaxt başladınız numerologiya ilə maraqlanmağa?

– Cavan vaxtlarımdan... Onda hələ belə şeylərə inanmırdım və inanan insanlara qəribə baxırdım. Rusiya Musiqi Akademiyasında oxuyanda Moskvada kirayədə yaşayırdım. Evin sahibəsi Qenrietta Vasilyevna çox xanım-xatın, səliqəli, aristokrat insan idi. O mənə reinkarnasiya, keçmiş həyat, gələcək həyat və bu kimi şeylərdən danışmağa başladı. Yaşlı qadın idi, mən də mədəni bir gənc. Sakitcə ona qulaq asırdım, amma tez danışıb qurtarmağını istəyirdim. Bakıdakı dostlar, valideynlərim də bilirdi ki, Moskvadakı ev sahibəm qəribə şeylərdən danışır. Artıq günün birində dözmədim, dedim, Qenrietta Vasilyevna, sizə hörmətim böyükdür, əgər belə güclü ekstrasenssinizsə, görmürsünüz ki, sizə inanmıram və candərdi qulaq asıram. Dedi, mən hər şeyi görürəm və bilirəm, amma sənə bunları danışmağım öz istəyim deyil. Barmağını göyə qaldırdı və yuxarını görsətdi. Dedi, sən seçilmiş insansan. Dedim, bilirəm, Allah mənə səs verib. Dedi, yox, sən qoca yaşında insanları xilas edəcəksən, onlara yol açacaqsan, imkan ver bunu sənə sübut edim.

– Sübut edə bildi?

– Qenrietta Vasilyevna məni bir yerə apardı. Hipnozla bütün keçmiş həyatımı son dəqiqələrə qədər yaşadım. İndi də danışıram, tüklərim biz-biz olur... Onunla da içimdə hansısa pəncərələr açıldı. Həmin gündən daxilimdə müharibə başladı: səhnə, yoxsa numerologiya. Qorxurdum deyə, səhnəyə qaçırdım, sənətə üz tuturdum. Hərdən o güclər məni öz tərəfinə çəkirdilər... Bilirsiniz...

– Görünür, bu barədə danışmaq çətindir...

– Bəlkə, sonra danışarıq?

– Bura qədər gəlmişiksə, məqamdır, davam edək, nəsə demək istəyirsiniz...

– Əslində, mənim bir müddət sənətdən yoxa çıxmağımın səbəbi bu idi... Axı Qenrietta Vasilyevna mənə demişdi, qoca yaşında... 60-a yaxınlaşıram... Çox qorxurdum deyə, musiqiyə sığındım. Pandemiya vaxtı isə birmənalı numerologiya məni özünə çəkdi və buraxmadı. Hətta əvvəl ümumiyyətlə musiqi ilə vidalaşıb o sahəyə keçməyi düşünürdüm. İndi isə belə fikirləşmirəm. Qərara almışam ki, musiqi ilə numreologiyanı birləşdirib yeni cığırla addımlamalıyam.

Müğənni Samir Bağırov

– Bunun adını ekstrasenslik qoymaq olar?

– Ezoterika desək, daha aydın olar.

– Nələrin baş verdiyini proznozlaşdırırsınız?

– Hər şey çox yaxşı olacaq. Bizi gözəl dünya gözləyir. İki il böhran, bütün dünyada xaos hökm sürəcək, amma sonra hər şey düzələcək. Pis insanlar özünü dəyişməlidir.

– Kiçik eksperiment edək. Məsələn, numeroloji biliklərinizə, bacarıqlarınıza əsaslanıb mənim barəmdə nə deyə bilərsiniz?

– O qədər peşəkar deyiləm... Həm də bunun üçün xüsusi vəziyyətdə olmalıyam... Ad gününüz nə vaxtdır?

– Avqustun 29-u.

– 2 və 9... 9 çox güclüdür... Yox... Hələlik bura qədər bəsdir, söz verirəm, Azərbaycan dilini mükəmməl öyrənəndən sonra sizə bir də müsahibə verəcəyəm və bu barədə danışacağıq. Azərbaycan dilini mükəmməl bilmirəm deyə, çox danışa bilmirəm. Amma bunun da vaxtı çatacaq. Mən çox şey danışmaq istəyirəm, sadəcə hələ buna hazır deyiləm.

Bütün günahlar mənim özümdədir

– Azərbaycan dilini mükəmməl öyrənməyə başlamısınız? Proses nə yerdədir?

– Sözün düzü, hələ başlamamışam. Axır vaxtlar çox müsahibə verirəm, bu da bir məşqdir. Həm də ətrafımdakı insanlarla yalnız Azərbaycan dilində danışmağa çalışıram.

– Müəllim yanına getmək fikriniz var?

– Var, amma hələ ki vaxt yoxdur, bir müddət sonra mütləq.

– Deyirlər, fəxri adlar ləğv olunub... Fəxri adınızın olmadığına görə incikliyiniz var?

– Heç kimi günahlandırmaq olmaz. Bütün günahlar mənim özümdədir.

– Konkret öz günahınızı nədə görürsünüz?

– Bayaq əvvəlki Samir Bağırov barədə danışanda bəzilərini dedim... Konkret bir şey yoxdur. Ümumiyyətlə, nədənsə narazı olanda insan birinci günahı özündə axtarmalıdır.

– Xeyli müddətdir Azərbaycan efirinə, səhnəsinə bayağı musiqi və şəxslər ayaq açıb. Bizim sənət və sənətkar baxımından korluğumuz olmamışdı. Bəs indiki vəziyyətin günahını kimdə və nədə axtarmalıyıq?

– Bu xalq Sovet dövrünün mədəniyyətini görmüşdü. İndiki vəziyyəti də görürlər. Günah müəyyən qədər cəmiyyətdədir. Çünki cəmiyyət düzgün seçim edib nəyi dinləməli olduğunu müəyyənləşdirməlidir. Vəziyyətin bundan sonra necə olacağı da sizdən asılıdır. Keyfiyyətli musiqi olmasa, keyfiyyətli millət ola bilməz, keyfiyyətli nəsil yetişə bilməz.

Oriyentasiyamı neynirsiniz? Daxili aləmimə baxın

– Fərqli imic, fərqli səs, fərqli davranış və mühafizəkar cəmiyyət. Dünyada bir Elton Con nümunəsi var... Sevilir... Bəzən birmənalı qarşılanmır. Oriyentasiya məsələləri ilə bağlı sizin barədə də cəmiyyətdə xeyli müzakirələr olub...

– İnsanlar hamının müxtəlif olduğunu başa düşməlidir. Əgər bir şəxs sənə bənzəmirsə, sənin kimi deyilsə, ona buna görə qiymət vermək olmaz. Biz qoyun deyilik ki, hamımız eyni olaq. Tək oriyentasiyadan söhbət getmir, hərtərəfli fərqlənirik. Oriyentasiyamı neynirsiniz? Daxili aləmimə baxın. Kim nə geyinir, özünü necə aparır, kimlə nə edir, nə fərqi var? Sən ət xoşlayırsan, mən toyuq, indi öldür məni ki, sənin kimi deyiləm. Belə şey olar? Bu, qul düşüncəsidir. Belə insanlar məni özümdən çıxarmır, mənim onlara yazığım gəlir.

– İllər əvvəl müsahibələrinizin birində “50 yaşıma çatanda cinsimi dəyişəcəm” demisiniz...

– Əvvəl danışdıqlarımın çoxu yadımda deyil... Bu sözlərin çoxunu mən demirdim, bəzi jurnalistlər düzüb-qoşurdular. Bunun üçün üç dəfə şansım olub, etməmişəm, gözləyib-gözləyib 50 yaşında niyə edirdim ki?.. Mən hamını necə, olduğu kimi, qəbul edirəmsə, istəyirəm, məni də bu cür qəbul etsinlər. Nəyəsə başqa şeyə görə yox, içimdəki hisslərə, sənətimə görə qiymət versinlər.

– Heç ailə qurmaq barədə fikirləşmisiniz?

– Heç vaxt. Ata-ana olmağı hər adam bacarmır. Hər kəsin həyatda öz missiyası var. Bəlkə, ana olmaq kiminsə missiyası deyil? Bəlkə, ailə ona mane olacaq? Bəlkə, o, yaxşı ana ola bilməyəcək? Fikir verin, dünya şöhrətli ulduzların çoxu yaxşı ana deyil. Niyə? Çünki onlar sənətlə məşğul olmalı idilər.

– Sizin də ailə qurmamağınıza səbəb sənətiniz oldu?

– Başa düşdüm ki, mən ata olmağı bacarmayacam, hərdən özüm uşaq kimi aparıram...

Nə qədər populyarsansa, bir o qədər daha çox həmin “olmazlara” meyilli olursan

– Türkiyənin şou aləmində gərginlik hökm sürür. Demək olar, hər gün hansısa sənətçini həbs edirlər. Səbəb isə daha çox narkotik olur...

– Tək Türkiyədə yox, bütün dünyada bu problem var.

– Azərbaycanda bu tendensiya o qədər də görünmür...

– Mən də bu yolu keçmişəm... Narkotik, heroin istifadəçisi olmuşam. Səkkiz il sonra isə müalicə olundum. Mən bu dərsi keçməliydim... Bu sənət belədir. Elə bil yaradıcılıq səndən tələb edir ki, nəyəsə aludə olasan. Nə qədər populyarsansa, bir o qədər daha çox həmin “olmazlara” meyilli olursan... Kiməsə köməklik göstərib məsləhət verə bilərəm. Kim ki narkotiklə sağollaşdı, o, qəhrəmandır.

– Gənclər üçün bir az çətindir...

– Bir az səbirli olsunlar, hər şey yaxşı olacaq.

– “Yalta”, “Bakı Payızı”nı görmüsünüz... “Azərbaycanın səsi”ni də izləmisiniz, yəqin ki. Ümid var?

– Ümid böyükdür. İndi də istedadlı uşaqlar çoxdur. Təki şərait yaransın. Özlərini sübut edə bilsinlər.

– Allaha inanırsınız?

– Əlbəttə.

– Bəs dinlər barədə nə düşünürsünüz?

– Din və Allah tamamilə başqa-başqa anlayışlardır. Mənə dinin fərqi yoxdur. Mənim üçün iki anlayış var: insan və qeyri-insan.

– 2025-ci ilin son günü – ötən ilin son gecəsi Azərbaycan Televiziyasında yayımlanan bayram konsertində Flora Kərimova ilə “Ölmədən öncə” adlı duetiniz maraqla qarşılandı. Samir bəy, ölmədən öncə nə etmək istəyirsiniz?

– İnsan kimi yaşamaq!

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər