“Eldar Mansurov mənə 1997-ci ildə “Həsrət yağışı” adlı bir mahnı hədiyyə etdi. Mən o illərdə “7-17”, “Gizli açar” müsabiqəsində oxuyurdum. Müsabiqənin münsif kürsüsündə mərhum bəstəkar Ramiz Mirişli, Eldar Mansurov, Flora Kərimova və s. sənətkarlar var idi. Həmin vaxt mən Mirzə Babayevin “Gözün yoldadır” mahnısını ifa etdim. Sonra mənə dedilər ki, artıq özünə məxsus olan bir mahnı ilə çıxış etməlisən. Üz tutdum çox sevdiyim, hörmət etdiyim bəstəkar Eldar Mansurova. O mənə həmin bəstəni verdi. O mahnı mənim üçün işıq yolu idi və mən onunla bütün konsertlərdə çıxış edirdim. Məni bəyənib hər yerə çağırırdılar. Getdikcə də təkliflərin ardı-arası gəlirdi”.
Bunu Moderator.az-a açıqlamasında ötən illərin ən məşhur müğənnilərindən biri sayılan Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) deyib.
O daha sonra Eldar Mansurovun ona hədiyyə etdiyi mahnını xalq artisti Zülfiyyə Xanbabayevaya verdiyini bildirib:
“Kasıb bir qız idim, nənəmlə yaşayırdım. Özüm də iki körpə övladıma baxırdım. Maddi durumum da heç yaxşı deyildi. Xəstə nənəmə baxırdım deyə o mahnıya klip çəkdirə bilmədim. Günlərin bir günü Eldar Mansurov mənə zəng edib dedi ki, “sənə hədiyyə etdiyim mahnını Zülfiyyə Xanbabayevaya vermək istəyirəm”. O vaxt hələ Zülfiyyə xanım xalq artisti deyildi. Mənə də dedi ki, “sən hələ cavansan, sənə başqa mahnı verəcəm”. Efirdə gördüm ki, mahnım oxunub və demək olar ki, klip də çəkilib. Bir daha o mahnını oxumadım. Böyük depressiya yaşadım. Ruhdan düşməmək üçün özüm başladım mahnı yazmağa. Amma uzun illər keçsə də mən yenə də “Həsrət yağışı”-ındayam. Bəlkə də o vaxt mənim sponsorum olsaydı həmin mahnıya klip çəkərdim. Hamı mənə deyir ki, sən bu söhbəti etmə, başın ağrıyar, o toxunulmazdır. Mənim xalq artisti Zülfiyyə Xanbabayevadan bir xahişim var. Həmin dueti onunla duet oxummağıma icazə versin. Eldar müəllim dedi ki, Zülfiyyə mahnını tanıdacaq. Mən Zülfiyyə xanıma necə deyə bilərdim ki, bu mahnını oxuma? Amma halallıq yaxşı şeydir. Mənim ulduz olmağımın səbəbi “Həsrət yağışı” mahnısıdır. Mən isə hazırda mahnının həsrətindəyəm” deyə o bildirib.