Son illər Azərbaycan şou-biznesində təkcə yaradıcılıq fəaliyyəti deyil, həm də hüquqi qalmaqallar ictimai müzakirə mövzusuna çevrilib.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, xüsusilə bəzi qadın müğənnilərin adlarının istintaq və məhkəmə proseslərində hallanması cəmiyyətdə ciddi rezonans doğurur.
Mütəxəssislər hesab edirlər ki, bu hallar yalnız fərdi məsuliyyət məsələsi deyil, eyni zamanda şou-biznes mühitində formalaşmış sistemli problemlərin göstəricisidir.
Qadın məşhurlar və cinayət işləri: faktlar nə deyir?
Aparılan araşdırmalar göstərir ki, müxtəlif illərdə bir sıra tanınmış qadın müğənnilər barəsində cinayət işi açılıb, bəziləri isə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.
Dəniz Əsədova
Dəniz Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında bu ilin mayında 7 ay müddətinə azadlıqdan məhrum edilib. Avqust ayında isə onun cəza müddəti daha 1 ay artırılaraq əvvəlki cəza ilə birləşdirilməklə ümumilikdə 8 ay həbs edilib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni ötən gün cəza çəkdiyi 4 saylı müəssisədən sərbəst buraxılıb. Onun 22 gün həbs müddəti qalmışdı.
Fədayə Laçın
Müğənni Fədayə Laçın barəsində açılmış cinayət işi uzun müddət medianın diqqət mərkəzində olub. O, kriminal hadisə ilə əlaqədar məsuliyyətə cəlb edilib və müəyyən müddət azadlıqdan məhrum olunub. Sonradan azadlığa buraxılan müğənni müsahibələrində bu dövrü həyatının ən ağır mərhələsi kimi xarakterizə edib.
Rəqsanə İsmayılova
Son dövrlərdə müğənni Rəqsanə İsmayılova barəsində dələduzluq ittihamı ilə istintaq aparılması ictimai müzakirələrə səbəb olub. O, fırıldaqçılıq ittihamıyla saxlanılaraq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. İttihama görə, iki zərərçəkmiş şəxsin ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyası və 520 min ABŞ dolları məbləğində pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib. Daha sonra məhkəmənin qərarı ilə müğənni barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Maral Tahirqızı
2015-ci ildə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Maral Tahirqızı barəsində Cinayət Məcəlləsinin 244.1-ci maddəsi (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən müğənni 2017-ci ilin oktyabrında azadlığa buraxılıb.
Təranə Səmədova
Prodüser Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu ildə azadlığa buraxılan prodüser 2022-ci ildə qanunsuz olaraq narkotik maddə daşımaqda ittiham edilərək saxlanılıb. Hamilə olduğu nəzərə alınaraq, məhkəmə ona həbs cəzası verməyib və 400 manat məbləğində cərimə təyin edib. Həmin ilin sonlarında Təranə Səmədova yenidən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən prodüserin cəzası sonradan Ali Məhkəmənin qərarı ilə 5 ilə endirilib.
Arzuxanım Həsənova
Müğənni Arzuxanım Həsənova narkotik istifadəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. O, mediaya verdiyi açıqlamalarda əsassız yerə həbs edildiyini iddia edib. Lakin Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında saxlanılmanın narkotik ittihamı əsasında həyata keçirildiyini bildirib.