"Sadəcə yaşa" yalnız yeni mahnı deyil, həm də insan ruhunun sarsılmazlığını, ümid və azadlıq arzusunu xatırladan musiqi çağırışıdır..."
Rusiyanın müasir musiqi səhnəsinin əfsanəsi Alla Puqaçova dekabrın 19-da yeni mahnısını təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "regions.ru" nəşri yazıb.
Yeni mahnı və ideya
Nəşr yazır ki, "Sadəcə yaşa" adlanan bu trek təkcə notlar və ritmlərdən ibarət deyil. Bu, 76 yaşlı müğənninin həyat təcrübəsinin, mühacirət illərinin və daxili azadlıq hissinin musiqi dilində ifadəsidir. Mahnının sözlərini və musiqisini Nikolayevdən olan, hazırda Barselonada yaşayan Aleksey Malaxov yazıb. Onun dediyinə görə, mahnının ideyası Puqaçovanın bir hekayəsindən doğub və içində bir impuls, bir hiss, bir durum oyadıb: "Bu dünyada ən vacib şey - tələsik yaşamamaq, sadəcə yaşamaqdır".
Mahnının sözləri ruhu silkələyir
"Qəlbimi nə qədər qırıblar mənim,
Bəla neçə dəfə məni haqlayıb!
Ümidim az qala yoxa çıxsa da,
Ruhum pərvazlanıb, göylərə qalxıb!"
Puqaçova yad küçə-bulvarlarda gülüş, rişxənd və yaltaqlarla qarşılaşdığını xatırlayır, amma ruhu hər zaman azad və irəlidədir:
"Yad küçə-bulvarda addımlayaraq,
Gülüşlə, rişxəndlə qarşılaşmışam!
Bəzən yaltaqlar da çıxıb rastıma,
Onlardan kənarda addımlamışam!
Günəşin altında yer tutmaq üçün
Yenidən vuruşan nadanlar gördüm!
Görəsən hardadır əsl xoşbəxtlik?
"Sadəcə yaşamaq!" - deyə düşündüm!
Mahnı bir növ həyat dərsi verir: uğur və ağrı-acı eyni anda gəlir, hər kəsin taleyi öz yolunda formalaşır.
"Harada, nə zaman, kimi sevməyi
Tövsiyə etdilər - resepti varmı?
Özümüz seçirik həyat yolunu,
Tanrı qismətindən qaçmaq olarmı?
Enişlər, yoxuşlar gözləyir bizi,
Uğur da olacaq, ağrı-acı da!
Hər kəsin öz yolu, öz taleyi var,
Gəlimli-gedimli qoca dünyada!"
Səsləndirmə və pərəstişkarların reaksiyası
Səsləndirmə üslubu isə maraqlıdır: Puqaçova demək olar ki, bütün mətni ritmik bir danışıq kimi, müasir rəqs ritmləri fonunda oxuyur. Bu, bəzi dinləyicilərdə maraq və heyrət doğurub, bəziləri yeni təcrübəni yüksək qiymətləndirir, digərləri isə səsləndirməni sərt və səsini xırıltılı hesab edib. Lakin əksər pərəstişkarlar mahnının dürüstlüyünü və həyatsevər mesajını bəyənib.
Həyat dərsi
Mahnının yayımlanması həm də Puqaçovanın şəxsi həyatına işıq salır. Müharibə başladıqdan sonra o, həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə Rusiyanı tərk edib, əvvəl İsrailə, sonra Kiprə köçüblər. Son məlumatlara görə, ailə Bolqarıstana köçməyi planlaşdırır.
Bu mahnı Puqaçovanın xarici təzyiqlərə və ictimai tənqidlərə baxmayaraq, daxili gücünü qoruduğunu və həyatın sadə, amma dəyərli anlarını qiymətləndirdiyini göstərir.
"Sadəcə yaşa" yalnız yeni mahnı deyil, həm də insan ruhunun sarsılmazlığını, ümid və azadlıq arzusunu xatırladan musiqi çağırışıdır. Hər bir sətirində həyatın özü danışır: dayan, nəfəs al, gözlə və sadəcə yaşa:
"Həyat çox şirindir, ömürsə qısa,
Hər anın qədrini bilmək gərəkdir!
Hara tələsirik, son mənzil bəlli,
Sadəcə, yaşamaq - qalib gəlməkdir!" - deyə müğənni mahnının əsas mesajını çatdırır.
P.S. Mahnının sözlərinin tərcüməsi redaksiyaya məxsusdur.