“Nizami Rəmzinin xidmətləri meyxana sənətində böyükdür, danılmazdır. O bu janra musiqi də gətirib, hətta cazz üzərində bu janrı təbliğ də edib. Ondan əlavə onun bəstələri var. “Bakılı balasıyam” mahnısının sözlərini o yazıb. Əslində bu mahnı “Dağlar oğluyam” adlanır. Bir çox sənət adamları onun mahnılarını toylarda ifa edib, mənfəət əldə edir. Bu birmənalı şəkildə Nizami Rəmzinin haqqıdır. Nizami Rəmzi meyxanaya həm də mədəniyyət gətirib. Meyxananı kostyum, qalstukda deyən ilk sənətçidir. Bu janrı xanımlara, bəylərə sevdirib. Səviyyəli və səliqəli janrda təbliğ edib. Bu faktlar danılmazdır. Bunu heç kim dana bilməz”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış bədihəçi, şair Namiq Məna deyib.
O daha sonra əlavə edib:
“Əlbəttə ki, bu sahədə Ağasəlim Çıldağın da zəhməti çox böyükdür. O da “göz-dözü görməyir, amandır sürücü” adlı musiqili meyxana deyib. Amma tam təkmilləşmiş formada bunu edən Nizami Rəmzi olub. Ümumiyyətlə dünyasını dəyişən sənət nümayəndələrinə hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Çünki onların doğmaları, əzizləri var və hər deyilən söz pis təsir edir. Hansısa sənət yoldaşı dünyasını dəyişən sənət dostu haqda danışanda niyə bir müsbət fikir tapıb söyləyə bilmir?! Bu insan artıq dünyasını dəyişib. Əgər sən onun haqda müsbət fikir tapıb söyləyə bilmirsənsə, demək ki, qəlbində böyük qərəz var. Oturub kiminsə sənətindən yox, şəxsiyyətindən, xasiyyətindən danışırlar. Heç kim həyatdan sığortalanmayıb, rişxənd etmək olmaz. Zamanında hamı sevinirdi, şad olurdu ki, Nizami Rəmzi onun el şənliyində iştirak edəcək. Konsertləri anşlaq olurdu. Bunları mən görmüşəm deyə haqqına girə bilmərəm. O vaxt Corat kəndinə toya gəlmişdi, bütün Sumqayıt əhli axışıb gəldi ki, Nizami Rəmzi gəlib. Bu kişiyə belə hörmət var idi” deyə Namiq Məna bildirib.