Bizi sosial şəbəkələrdən izləyin:
Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılmasının detalları məlum olub.
Moderator.az Manset.az-a istinadən xəbər verir ki, müğənninin 520 min dollar dələduzluq etdiyi Gündüz Məmmədova dəymiş zərərin bir hissəsi sənətçinin qızı Aysun İsmayılova tərəfindən ödənilib.
Bundan əlavə, Rəqsanə İsmayılovanın və ailəsinin dostluq etdiyi, əslən Şəmkir rayonundan olan və Rusiyada yaşayan iki tanınmış iş adamı da zərərçəkmişə dəymiş zərərin tam şəkildə ödəniləcəyinə dair söz veriblər.
Sonra müğənninin vəkili Hikmət Əliyev tərəfindən Sabunçu Rayon Məhkəməsinə onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciət edilib. Müraciətdə qeyd olunub ki, zərərçəkənlə ilkin razılaşma əldə olunub və qalan məbləğin də tam ödəniləcəyi bildirilib. Həmçinin müğənninin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq ev dustaqlığı tətbiq olunması xahiş edilib.
Ötən gün Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə qərar elan olunub.