“Bir neçə gün öncə ölkəmizdə Ailə və Toy sərgisi fəaliyyətə başladı. “Paşa event”-in rəhbəri Elxan Paşayevin ərsəyə gətirdiyi layihənin məqsədi milli irsimiz, toy və ailə adət ən-ənələrimizi yaşatmaq idi. Bütün böyük şirkətlər burada öz stentləri və təqdimatları ilə çıxış edirdilər. Xına sahəsini bu sərgidə mən təmsil etdim. Biri hind rəqsi etdi, biri əynini soyunub lütləndi. Hərə öz tamaşaçısını axtarırdı. Mən isə milliliyi qoruyurdum. İnsanlar da, aidiyyatı qurumlar da bunu gördü. Mən bundan çox xoşbəxtəm. Bu layihəni dövlətimiz də dəstəkləyir. Çox qəribədir ki, sərgidə sima olaraq təkcə mən idim, amma qalan hər kəsin bir biznesi var idi. Ona görə də hamıyla şəkil çəkdirmək məcburiyyətində qalırdım. Gün ərzində heç olmasa 300 nəfərlə şəkil çəkdirirdim. Həqiqətən də belə bir mötəbər sərginin mərkəzində olmaq və iştirak etmək böyük fəxrdir”
Bunu Moderator.az-a açıqlamasında tanınmış şairə Nazilə Səfərli deyib. O daha sonra bildirib ki, hər insan xına yaxa bilməz:
“Xına bütün qızların ata evindəki sonuncu ziyafətidir. Keçmişdə qızlara toy etməzdilər. Qız uşaqları yalnız xına ilə kifayətlənirdi. O vaxt gəlinin ən böyük bəzəyi onun isməti idi, qaşları alınırdı, üzü dəyişirdi. Saçlarını da yuyub bir tərəfə toplayırdılar. Uzaq başı saçlarını aça bilərdilər. Daha indiki gəlinlər kimi gedib salonların qabağını kəsdirmirdilər ki, 8 saat makiyaj olunsunlar. Xına o vaxtdan bizə qalıb. Qız evində xına, oğlan evində toy olurdu. Xına gəlib şəhərə çatanda, biznesə çevriləndə ifrata varan nüanslar oldu. Ürək ağrısı ilə deyirəm ki, qurunun oduna yaş da yanır. Yersiz danışıqlar, yersiz haxıştalar, ayıb olan söhbətlər xınanı da son zamanlar gözdən salmağa başlayır. Əlbəttə ki, bunu bilənlər bilir, bilməyən insanlar da kimi gəldi, kim soyunur onu çağırır. Xınayaxanların içində bir neçəsi var ki, özü ərə gedəndə ona xeyir-dua verilməyib, heç başıbütöv deyil, özü iki-üç dəfə ər dəyişib. Fərqli-fərqli insanlar var. Onlar nə bilsinlər ki, pula görə irəlidə xına bazarına girəcəklər? Gəliblər, şou göstərirlər. Bu millət də şounu sevir də. Elə xınayaxan var ki, özünün toyu olur, xına yaxdırmır. Özünə layiq bilmir, amma hamıya layiq bilir. Onlar daha yaxşı işləyir əslində. Neynir düz yolla getsin. Əyri yol daha gözəl deyil? Ona görə də deyirlər ki, əyri ağac ömrünü yaşayır, düz ağacı taxta edib döşməyə vururlar” deyə Nazilə Səfərli bildirib.