Bizi sosial şəbəkələrdən izləyin:
"Aygün heç vaxt, heç nəyin arxasınca qaçmayıb. Nə şan-şöhrət, nə fəxri ad istəyib. Ona ən böyük mükafatı Ulu Öndər Heydər Əliyev verib, onu “Əməkdar artist” fəxri adı ilə təltif etmişdi. Bu ad onun üçün “Xalq artisti” fəxri adından da üstün idi. O qədər çox sevirdi ki.. Bu adı alanda Aygünün yaşı elə də çox deyildi. Aygünün incikliyi bayağı musiqiyə önəm verən insanlardan idi. Çünki elə bir kütlə formalaşmışdı ki, ancaq bayağı, lazımsız musiqini təbliğ edirdilər. O bundan bərk inciyirdi. Bu Aygünü çox incidirdi. Bayağılığı efirdə görəndə ümumiyyətlə küsürdü, kim dəvət edirdisə verilişə getmirdi”
Bunu Moderator.az-a açıqlamasında Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümmətova deyib. O daha sonra əlavə edib:
“Aygün klassik musiqimizi, muğamlarımızı çox sevirdi. Həmişə mənə deyirdi ki, heç vaxt pula görə əsl musiqini bayağı musiqiyə satma. Bu məsləhəti, tövsiyyəni tək mənə yox, bir çox həmkarlarına da etmişdi. Çünki özünün gözü heç vaxt pulda olmamışdı, hər zaman sənət nümayiş etdirmişdi. Ona görə də Aygün böyük sənətkar kimi yadda qaldı. Hətta gedişi ilə də həyatda iz qoydu. Bir il iki aydır ki, Aygün yoxdur. Amma yenə də onu sevənlər Aygünü anır. Həyat davam edir, hər şey yaxşıdır. Yaram ürəyimdədir, yaşayıram, yaşayacam da. İnşallah ki, Allah o dünyada bizi qovuşdurar. Mən təsəlli kimi bacımın musiqilərini ifa edib, onları yaşadıram. Bir çox Aygünsevərlər həqiqətən də mənə xoş sözlər yazırlar. Onlar məni Aygünün davamçısı kimi gördüklərini söyləyirlər. Hətta deyirlər ki, elə bilirik ki, Aygün yaşayır. Bu həqiqətən də mənim üçün böyük şərəfdir. Rəhmətlik özü də mənə deyirdi ki, sənə bəstəkar mahnısı lazım deyil, mənim mahnılarımdan hansını istəyirsən götür oxu. Hətta ordan-burdan eşidirəm ki, deyirlər bəstəkarlar heç istəmir mən onun mahnılarını oxuyum. Canları sağ olsun. Cavanşir Quliyev ilk addımlarımdan bu günə qədər mənə dəstəkdir. Aygünün yarım qalan mahnılarını da oxuyacam. Aygün sağ olanda heç kim heç nə demirdi. İndi danışırlar. Çox heyf ki, Aygün həyatda yoxdur. Bəstəkarları deyə bilmərəm, amma müğənnilər Aygünün ölümündən çox istifadə etdilər. Qoymadılar ki, 40-ı çıxsın, arı bala yığışan kimi hamı öz trendini yaratmağa başladı. Bəzi müğənnilərə Aygünün ölümü trend oldu. Bu gün məni Aygünə görə efirlərə dəvət edirlər. Onlarına hamısına təşəkkür edirəm. Mən çox ağır depressiya yaşadım. Aygünün itkisi mənə pis təsir etmişdi. İndi özümü toparlamışam” deyə müğənni bildirib.