Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” verilişinin qonağı olub.
Veriliş zamanı diqqətdən yayınmayan bir detal aparıcı Tarix Əliyevin nəzərindən qaçmayıb.
Belə ki, xanəndənin sol əlinin üzük barmağının boş olmadığını görən aparıcı onu sual atəşinə tutub. Tarix Əliyev Nigar Şabanovanın nişan üzüyü taxdığını fərq edərək, digər qonaqlardan da bu barədə təsdiq almağa çalışıb. Tolik bildirib ki, sənətçiyə bu üzük qayınanası tərəfindən hədiyyə edilib.
Lakin Nigar Şabanova bu iddiaya cavab olaraq deyib:
“Bunu mən özüm sevib-seçmişəm. Ortada heç nə yoxdur. Mən həmişə belə bir üzüyün arzusunda olmuşam. Artıq düşünürəm ki, özüm üçün bunu taxsam, bəs edər”.
Tarix Əliyev müğənniyə daha bir sual ünvanlayaraq onu çətin vəziyyətdə qoymağa çalışıb. O, ifaçının daha əvvəl verdiyi bir müsahibəni xatırladaraq deyib: “Sevgi bütün qadınların haqqıdır. Siz isə bir vaxtlar sevginin insanı gözəlləşdirib dəyişdirdiyini bildirmişdiniz”.
Nigar Şabanova isə bu suala belə cavab verib:
“Artıq özüm dəyişmişəm. Pessimist, neqativ, dərdə və gözyaşına sığınan Nigarı özüm oradan atmışam. Başqa bir mən yaranıb”.
Müğənni eyni zamanda ikinci dəfə ailə qurması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, ailə qurmağın heç vaxt səhv addım olmadığını vurğulayıb:
“Ailə qurmaq mənim üçün heç vaxt səhv addım olmayıb. Düşünürəm ki, hər bir xanımın ailəsi olmalıdır. Mən ailə, sevgi qadınıyam. Mənim üçün ailə hər şeydən üstündür. Amma ikinci dəfə o səhvi etməməli idim ki, etdim. Özümü bu yaşda böyük həyat təcrübəm, dünya görüşüm və savadım ola-ola ikinci dəfə səhv etdiyim üçün bağışlaya bilmirəm”.
Nigar Şabanovanın səmimi açıqlamaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.