Müğənni Mətanət Əsədova ad günündə müxbirlərin məclisə daxil olmasını qadağan edib.
Bu barədə aparıcı Zümrüd Bədəlova "Gün ortası" verilişində deyib. O, vurğulayıb ki, müğənninin mühafizəçiləri qarlı gündə ad gününü işıqlandırmağa gələn media nümayəndələrinə hörmətsizlik edib:
"Mətanət xanım yaxşı ifaçıdır. Amma şəxsi münasibətlər efirə təsir etməməlidir. Burada iki variant var: Ya onun mühafizənin davranışından xəbəri yoxdur, ya da ona zəng ediblər, Mətanət də deyib ki, bu barədə məni heç kim yığmasın. Sizdən ad günü libasınızda kamera qarşısına keçib bircə kəlmə təbrik alıb, özünüzə nə arzulayırsınız ondan danışacaqdınız. Müxbirlərin içəri girilməyinə icazə verilmirsə, həmin hüquqları qoruyuruq. Əgər "olmaz" kəlməsini deyirsinizsə, onsuz kamera içəri keçmir. Başqa vaxt xarici jurnalistlərə, elə qardaş Türkiyədəkilərə həsəd aparırıq ki, nə yaxşı hər şeyi vaxtında görüb çəkirlər. Bəs, biz də gəlmişdik də.
ATV-dən iki verilişin və digər kanalların müxbirləri orada idi. Ən azından o qarlı havada aşağı düşüb onları qarşılamaq lazım idi. Amma sizin mühafizəçiniz müxbirimizə deyib ki, "o biriləri çölə atdırdım, elə etməyin ki, sizi də atım". Sanki bu insanlar onun üçün nədir? Söhbət mətbuatdan gedir. Atdırıb nə edəcəksiniz? Biz sizi üzünüzü göstərib ifşa da edə bilərik. Amma etika qaydalarına zidd olduğu üçün bunu etmirik. Mətanət xanım, mətbuat sizi sevir və sadəcə həmin gün yanınızda olmaq istədi. Mətbuata qarşı belə davranış qətiyyən olmaz. Bilirsiniz, ən düzgün davranış nə olmalı idi? Bircə kəlmə deyərdiniz ki, kameraları söndürün, gəlin içəridə əyləşin, yeyin-için. Heç müxbirlər onu da etməyəcəkdilər. Çünki müxbirlər mədəniyyətlərini qoruyurlar. Ən azı foyedə açıqlama verərdiniz.
Bu, mətbuata qarşı olan böyük hörmətsizlikdir. Bu günə qədər bir çox konsertlərdə mühafizəçilərin belə davranışını görmüşük. Onların davranışı birbaşa sizə dəlalət edir. İndi deyəcəksiniz ki, xəbərim olmayıb, halbuki olmalı idi. Xəbəriniz yoxdursa, mən deyim, bilin. Mühafizəniz o qarda, çovğunda gələn gənclərimizə, mətbuat içşilərinə, ağır kameralı operatorlara, o qarlı yolda gələn sürücüyə hörmətsizlik edib. Hörmətiniz bura qədər imiş. Bunu bildik, amma gözləməzdik.. Televiziya, mətbuat sayəsində tanınıb, ulduz olub, sonra da onlara belə etmək olmaz".