Bizi sosial şəbəkələrdən izləyin:
“Hill” restoranında "23 Fevral – Kişilər günü" adı altında bayram konsertində çıxış edəcək müğənnilər Azərbaycanı işğal edən ordunun yarandığı günü səhnəyə çıxmaqlarına tənqidi yanaşanlara cavab veriblər.
Müğənni Nura Suri Teleqraf-a açıqlamasında deyib ki, o, fevralın 23-də "Hill" restoranında səhnəyə çıxacaq:
"O zaman İslam ölkəsi olduğumuz üçün Yeni ili də bayram kimi qeyd etməyək. Axı Yeni il xristianların bayramıdır, eləcə də bir çox bayramlar. Kişiləri təbrik etmək üçün bir gün seçiblər və insanlar da həmin günü kişilərin bayramı kimi qeyd edirlər. Yaşlı nəsil arasında Sovet ordusunda xidmət edən insanlar olublar, mənim atam da daxil olmaqla. Onlar üçün 23 fevral "Kişilər günü" kimi qeyd edilir. Məsələn, mən 23 fevralda heç vaxt heç kimi təbrik etmirəm. Amma görürəm ki, atam və bəzi insanlar buna görə məndən inciyirlər. Atam Qarabağ müharibəsi veteranıdır. Torpaqlarımızın azadlığı uğurunda iştirak edən insanlardan biridir. Amma atam həmin günü bayram kimi qəbul edir. Heç kim 23 fevralın tarixinə nəzər salmır, Sovet donanmasının yarandığı gündür və sair düşünmür. İnsanlarda bu günə başqa bir yanaşma tərzi var, kişilərin bir günü var, bu da 23 fevraldır. Azərbaycanda aidiyyəti olmayan o qədər elə bayramlar qeyd edilir ki... O zaman "Sevgililər günü"nü niyə fevralın 14-də qeyd edirlər. Azərbaycanda "Sevgililər günü" iyunun 30-dadır. Amma fevralın 14-də qeyd edən nə qədər insanlar var".
Müğənni Ayan Babakişiyeva isə bildirib ki, həmin gün onunla birlikdə restoranda başqa müğənnilər də iştirak edirlər:
"Mən nə edim? Konsert proqramını restoranlar təşkil edirlər. Ümumiyyətlə, həmin günü başqa restoranlarda da nə qədər çıxış edən müğənnilər var".
Qeyd edək ki, fevralın 23-ü Sovet donanmasının yarandığı gündür və uzun illər SSRİ məkanında qeyd edilib. Dolayısı ilə Azərbaycanı işğal edən ordunun yarandığı gün bayram kimi bu ölkəyə sırınıb. Azərbaycan Ordusunun yaranma günü 26 iyundur. “Kişilər bayramı” da, Azərbaycan ərazilərini işğaldan qurtaran Əsl kişilərin günü də 26 iyundur!