“Artıq bir müddətdir ki, yutubda aparıcılıq etdiyim “Görüş” adlı verilişim yayımlanır. Məqsəd məlum bütün sənət sahiblərinin öz sənətini nəsildən-nəsilə ötürə bilməyindən gedir. Burada əsas məqsəd tək ifaçı yox, eyni zamanda rəssam, heykəltaraş, rəqqas, idmançı, dərzi, dulusçu və s sənət növlərinin sənət sahibləri tərəfindən yetişdirdikləri tələbələrinə öyrətmələridir. Təbii, layihəni tv-yə daşımaq niyyətim var. Artıq bir neçə təklif vermişəm. İnşallah ki,müsbət cavab alaram”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib. O daha sonra əlavə edib:
“Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin. İstər bayağı və qeybət xarakterli verilişlər, istərsə də bayağı mahnılarla can ağzımdan çıxana kimi mübarizə aparacağam. Mən tək deyiləm. Yanımda bir çox həmkarlarım və sənət yoldaşlarım da var. Bundan savayı “El” yaradıcılıq mərkəzinin gənc üzvləri var ki, onlar da bu gün mənimlə çiyin-çiyinə vuruşur bütün bu bayağılıqla. Odur ki, şübhəsiz mən bizim qələbə çalacağımıza inanıram” deyə müğənni bildirib.
Elnarə Xəlilova bildirib ki, yeni il üçün Natavan və Röya ilə bir araya gəlib, “W-trio” qrupunu müvəqqəti də olsa layihədə gerçəkləşdirdilər. İndi isə..
“Əlbəttə ki, Vaqif Gərayzadə başda olmaqla qızlarla olan yeni il layihəmiz sırf tv üçün hazırlanmışdı. Ondan sonra gördüyünüz kimi yenə də hərə öz yoluna. Ancaq qızlardan özümü mən heç vaxt ayırmadım, ayırmaram da. Çünki onlar mənim uşaqlıq, gənclik xatirələrimdir. Nə olursa-olsun, bundan sonra da onları hər yerdə gözəl anacağam və eyni münasibəti də onlardan gözləyirəm” deyə Elnarə Xəlilova bildirib.
Elnarə Xəlilova bəstəkarların mahnıları baha satması mövzusuna da toxunub:
“Adlı-sanlı bəstəkar əlbəttə beyninin məhsulunu və savadlı mahnını əlbəttə ki, baha satacaq. Baha satmalıdı da. Ancaq indi adi reperlər belə bəstəkar olmaya-olmaya qiyməti 3-4 minə mahnılar satır. Odur ki, yeni başlayanların bəzilərinin elə öz seçimləridir bayağı mahnı almaq, çünki bəstəkar mahnısını oxumaq lazımdır, afro beat üzərində yazılmış eyni, hamısı bir-birinə oxşayan mahnıları isə oxumağa ehtiyac yoxdur, elə şeir dedin kifayət edir. Budur əsl səbəb. Yoxsa ki, qiymətlər elə hər yerdə eynidi” deyə Elnarə Xəlilova bildirib.