Əməkdar artist Könül Kərimova yeni klipi ilə diqqət çəkib.
Müğənni “Xoşbəxtəm səninlə” adlı mahnısını ekranlaşdırıb. Sənətçi ekran işinə nəvəsi Dənizi də çəkib. Bəstənin musiqisi Cabbar Musayev, sözləri Elçin Məhırrəmova məxsusdur. Klipin rejissoru Xəyal Hüseyndir.
Moderator.az-a açıqlama verən müğənni Könül Kərimova bildirib ki, nəvəsini klipinə çəkməyi öncədən planlaşdırmayıb:
“Nəvəmin klipimdə çəkilməsi çox anidən oldu. Klip çəkilişi günü rejissor Xəyal dedi ki, burada uşaq obrazı olsa çox yaxşı olar. Mənə dedi ki, nəvəniz bacararmı? Dedim ki, sınayarıq. Çağırdıq, anası ilə birlikdə çəkilişə gəldi. İçəri daxil olanda elə bildik ki, o bu obraza çəkilməyə gəlib. Hazırlıqlı idi. Bizə də qəribə gəldi ki, uşaq sanki neçə vaxtdır məşq edib. Çox rahat, birinci dubldan başladı obrazı oynamağa. Başa düşdük ki, qanında, canında incəsənətə həvəs var. Bu həvəs olmasaydı kamera qarşısında kompleksə düşərdi, bacarmazdı. Gələcəkdə hansı sənətdə olacaqsa bu Allahın qismətidir. Hələ çox balacadır. Gələcək göstərəcək” deyə müğənni bildirib.
Əməkdar artist sənətlə bağlı bəzi məsələlərdə səhlənkar olduğunu da etiraf edib:
“Mən sənətdə həvəsdən düşmürəm. Sadəcə olaraq qısa fasilələr olur, ara verirəm. Bu xüsusiyyətlər məndə var. Amma gec də olsa mütləq klip lazımdır. Etiraf edim ki, səhlənkarlığım da var. Amma mütləq mahnını kliplə birlikdə təqdim edəndə orada başqa bir təəssürat yaranır. İnsanlar bunu eşidir və izləyir. Bəli, mahnı var ki, qətiyyən klipə ehtiyac yoxdur. Amma heç olmasa ildə bir dəfə də olsa yenilik etmək lazımdır. Bunu sənətkar etməlidir. Mahnını oxuyub kənara qoymaq düzgün deyil” deyə müğənni bildirib.
Könül Kərimova televiziyalardakı möcvud vəziyyətdən də danışıb:
“Televiziyaları hər zaman hörmətli, sanballı görmüşük. Amma indi təəssüf ki, bu belə deyil. Bu hal mənim kimi bir çox sənətkarları da üzür. Televiziya sosial şəbəkələrə uduzmamalıdır. Amma uduzur. Ona görə də bizdə həvəs qalmayıb. Düşünürük ki, vəziyyət düzəlsin, sonra efirlərə çıxarıq. Vəziyyətin düzəlib düzəlməyəcəyi isə hələ ki, sual altındadır” deyə müğənni bildirib.