“Bu yaşa çatdım və təkcə onu dərk etdim ki, bu həyatda ən gözəl nemət can sağlığıdır. Özümə, doğmalarıma, balama yalnız və yalnız can sağlığı arzulayıram. Allahdan başqa istəyim yoxdur. İnsanın canı sağlam olanda yaradıcılıqla da, sevdiyi işlə də məşğul ola bilir. İnsanın canı xəstə olanda pulu dava-dərmana, həkimlərə gedir, qazandığı da gözünə görünmür. Xoşbəxt ola bilmir. Əgər bu gün sağlamsansa demək ki, dünyanın ən xoşbəxt insanısan. Bunu evində xəstəsi olan, canı ağrıyan daha yaxşı bilər, başa düşər. Allah heç kimə dərd verməsin, dərd versə dərmanını da versin”
Bunu Moderator.az -a açıqlamasında sevilən aktrisa Ülviyyə Əliyeva deyib. O daha sonra övladından danışıb.
“Allah bütün balaları saxlasın, mənimki də onların içində. İşlərimi elə bölüşdürürəm ki, övladıma da yetərincə vaxt keçirməyə zamanım qalır. Sağ olsun doğmalarım da mənə köməklik edirlər. Hamı necə, mən də elə. Gələcəkdə hansı sənəti seçsə bir valideyn kimi ona dəstək ola bilərəm” deyə aktrisa bildirib.
Ülviyyə Əliyeva bildirib ki, valideyn qayğısını artıqlaması ilə görüb.
“Məni həm anam, həm də bibim saxlayıb. Allahın xoşbəxt bəndəsiyəm ki, iki ananın, iki atanın sevgisi ilə böyümüşəm. Anam adlandırdığım bibim Azərbaycanın ilk stüardessası olub” deyə o bildirib.
Aktrisa bildirib ki, artıq ürəyi istədiyi rolları oynaya bilir.
“Mən komediya janrında oynayan aktrisayam. Amma 1-ci Qarabağ müharibəsi ilə bağlı Səidə Haqverdiyeva “Köhnə çamadanlar” adlı bir film çəkdi. Orada mən Xocalını əsirini oynamışam. Hazırda da “Sara” serialında dramatik bir rolda çəkilirəm. Məhbus qadını oynayıram. Gözləyirdim ki, mənim üçün çətin olacaq. Amma komanda gözəl olduğu üçün ortalığa da gözəl iş qoya bildik. 2-3 səhnəmiz qalıb, oktyabr ayından efirlərdə olacaq” deyə aktrisa bildirib.
Ülviyyə Əliyeva deyir ki, tamaşaçılar hələ də onu obrazları ilə çağırır.
“Tamaşaçılar məni “Çiçək”-də, “Keyxanım”-da çağırır. Qətiyyən incimirəm, xətrimə dəymir. Qəfil görürlər, sevincək olurlar. Adım yadlarına düşənə qədər obrazlarımla çağırırlar. Əgər bu obrazlarla onların sevgisini qazanmışamsa bu mənim üçün böyük uğurdur. Nə yaxşı ki, tamaşaçılar məni obrazlarımla tanıyıb” deyə aktrisa bildirib” deyə o bildirib.