Bizi sosial şəbəkələrdən izləyin:
“Emil Heydərovla bir neçə duet yazdırmışdıq. O da bunları yutub sosial şəbəkəsinə də yerləşdirmişdi. İfa etdiyimiz duetlərdən biri də Rusiyanın xalq artisti Stas Mixaylovun mahnısı idi. Duetimizi görüb, bəyənib, bizi “Privet, Andrey” verilişinə, Stas Mixaylovun yubileyinə dəvət etdilər. Böyük məmnuniyyətlə dəvəti qəbul edib getdik”
Bunu Moderator.az-a açıqlamasında sevilən müğənni, əməkdar artist Almaz Ələsgərova deyib. O daha sonra verilişlə bağlı təəssüratlarını bölüşüb.
“Verilişdə bizi çox böyük hörmətlə, izzətlə, sayğıyla qarşıladılar. Çox yüksək səviyyədə çəkiliş etdilər. Stas Mixaylov Azərbaycanı çox sevdiyini bildirdi. Verilişdə dedi ki, atam da, babam da Şamaxındandır. İndiyə qədər mahnı da, verilişdəki çıxışımız da dillərdədir. Çox sevindim. Belə təkliflər çox olsun. Bizim üçün bu böyük bir fəxrdir ki, burdan Moskvaya gedib, orada çıxış etdik. Çıxış edənlər çox idi, amma bununla belə onlar bizim musiqimizlə maraqlanırdılar, buna vaxt edirdilər. Bizdən Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu soruşurdular və onların mahnılarını əzbər bildiklərini söyləyirdilər. Hər kəs onlardan danışırdı. İfamıza heyran oldular. Mən məktəbi rus dilində bitirmişəm, sevirəm rus mahnılarını. Bu çəkiliş Novruz bayramı ərəfəsində baş tutmuşdu. Ona görə də mən Stas Mixaylova milli Novruz şirniyyatlarını hazırlayıb aparmışdım. Bu da bizim milli mətbəximizin təbliğatı idi. Veriliş o qədər marağlı idi, o qədər yaxşı hazırlaşmışdılar ki, vaxtın necə gəlib-getdiyini hiss etmədik. Hər bir qonaq üzərində xüsusi saç və qrim ustası çalışırdı. Hər bir detalı ayrı-ayrı şəxslər edirdi. Veriliş çox xoşuma gəldi. Təəssüratlarım çoxdur” deyə sevilən müğənni bildirib.