Türkiyənin tanınmış sənətçisi Mahsun Kırmızıgülün müğənnilik karyerasına 16 il fasilə verdikdən sonra 31 dekabrda televiziyada yayımlanan konserti böyük maraq doğurub. Bəs görəsən uzun müddətdir konsert proqramı ilə çıxış etməyən, yalnız toy bazarına köklənən müğənnilərimizin konsertdən uzaq düşməsi nələrə səbəb olacaq? O konsertdən bizdə niyə yoxdur?
Mövzu ilə bağlı Əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadə Moderator.az-a danışıb:
“Musiqilərin daha keyfiyyətli olması, tamaşaçının zövqünün çirklənməməsi üçün hər zaman konsertlərin tərəfdarı olmuşam. İfaçını sevdirən, tanıdan əsas meyar onların canlı konsertləridir. Tamaşaçılar tanımadığı, bilmədiyi, güvənmədiyi heç kimi dinləmir və inanmır. Əslində real fanatlar konsertlərdən yığılır.
Efirlərimizin bu qədər kirlənməsinin də konsertlərimizin keçirilməməsində bilavasitə rolu var. Bu qədər insanların əsəbi ilə oynayan, Azərbaycan mədəniyyətinə, musiqisinə aid olmayan zorla beynimizə yeridilən “musiqilər” bizləri konsertlədən uzaq salıb.
Konsert sənətkarın dinləciyə özünü təsdiqləməsidir. “Mən sənətkaram” deyən insan çıxıb 1 saat səhnədə musiqisini ifa edərək özünü təsdiqlədir. Konsertlər Ttamaşaçının musiqi, eyni zamanda konsert mədəniyyətinin formalaşmasında müstəsna xidməti var. Bu gün konsertlərə ehtiyacımız var. Bizim qocaman sənətkarlarımız konsertlərdə canlı ifa etdiklərinə görə, sevilib və öz ansablı ilə bu gün məclislərə dəvət olunurlar. Onları tamaşaçı məhz konsert səhnələrində görüb, sevib, övladlarının xeyir işlərində görmək istəyirlər.
Bu gün sosial şəbəkə üzərindən tanınan, məşhurlar o qədər də yadda qalmır. Sabah daha yaxşısı çıxanda bu gün gündəm olan ifaçılar unudulmağa məhkum olurlar. Sənətkar səhnədə formalaşır, sosial şəbəkədə deyil. Bunu Mahsun Kırmızıgül pandemiya dövründə bir daha təsdiqlədi. O, 16 ildən sonra səhnəyə çıxaraq mahnılarını ifa etməsi və bunun böyük maraq doğurması sözün dedi. İnsanlar canlı musiqi dinləmək, sənət görmək istəyir. O sənəti də ancaq səhnədə göstərmək olar. Bizim ən böyük sənətkarımız bu gün oturublar evdə, sosial şəbəkəyə çoxunun çıxışı yoxdur. Onda da deyirlər ki, passivdirlər, guya ki, onlar işləmirlər. Onlara səhnə lazımdır”.
“Pandemiya dövründə konsertlərdən gəlir əldə etmək mümkün deyil, belə olduğu təqdirdə ifaçı necə konsert versin?”-sualımıza isə bəstəkar biletin satılmasını göstərici hesab etmədiyini bildirdi:
“Bəyəm insanların hamısının bilet almağa pulu var? Həmin ifaçını sevənlərin iş qarafiki konsert gününə uyğundur? Camaatın işi gücü var. Hamı oturub həmin günü gözləmir, belə bir şey yoxdur. Konsert təşkilatçıları konsertləri düzgün şəkildə təşkil etsələr bütün konsert salonları açıq kassadan satılar. Mən bunu sübut etməyə hazıram. Bu gün heç kim deyə bilməz ki, mən bunu Gövhərdən yaxşı bilirəm. Bizim konsert səhnəmizdə yetərincə canlı ifa etməyi bacaran sənətkarlarımız var. Çox istəyərdim ki, kaş ki, bizim konsertlərimiz bərpa olunsun. Tamaşaçılarımızı qara güruh musiqiləri yox, mədəni şəkildə ailəsi ilə birlikdə gəlib həmin konsertlərdə sevdikləri musiqi dinləsinlər. Yoxsa tıklayaraq, say artırmaqla tamaşaçı sevgisi olmur. Yaşlı sənətkarlar da elə bilir ki, onların vaxtı keçib, ancaq bu absurd fikirdir. Elə bir şey yoxdur”.
Xəyalə Rəis