Siyasət
5248
08 Oct 2015 | 12:40

"Bu, Putinin Xəzəryanı ölkələrə qarşı növbəti özbaşınalığıdır"

Hərbi eskpert Üzeyir Cəfərov son Facebook statusunda maraqlı məqamlara toxunub.

Üzeyir Cəfərov Rusiya ilə bağlı fikirlərini bölüşüb, jurnalistləri bəzi məqamlarda diqqətli olmağa çağırıb.

Moderator.az həmin statusu təqdim edir:

"Artıq bir neçə saatdan sonra Azərbaycanın həyatında yaxın 5 il üçün çox böyük əhəmiyyət daşıyacaq bir siyası hadisənin - Milli Məclisə seçkilərin startı veriləcək. Mən də namizəd olduğum üçün çalışıram ki bu həssas dönəmdə həm yazılarımda, həm fikirlərimdə maksimum diqqətli və sərrast olum. Bilirəm ki, həm real həyatda, həm də virtual dostluğumda xeyli məni dəstəkləyən və mənə sadəcə imkan düşdükcə öz atmacaları ilə yanaşanlar da var. Onları mənim bir sıra məsələrdə, ələlxüsus da Rusiya ilə bağlı səsləndirdiyim şərhlər və fikirlər bəzən çox qıcıqlandırır. Olsun. Mən hər kəsin fikirlərinə hörmətlə yanaşmağa çalışıram və istəyirəm ki, mənim də mətbuatdakı çıxışlarıma normal, sivil polemika çərçivəsində yanaşma olsun.

Qəti olaraq bildirmək istəyirəm ki, mən heç vaxt Rusiyanın əleyhinə olmamışam. Mən rusların siyası və hərbi rəhbərliyinin vətəndaşı olduğum və həyatım qədər sevdiyim Azərbaycana və azərbaycanlılara qarşı sərgilədiyi yanlış və doğru olmayan siyasətinə qarşı olmuşam və bu hər zaman da belə olacaq.

Elə dünən Rusiyanın Xəzər dənizi vasitəsiylə Suriyaya yönəlik hərbi addımı Azərbaycanı növbəti dəfə dünyanın diqqətinə, daha dəqiq desək hədəfinə gətirməsinə şəxsən mən çox narahatam. Xahiş edirəm sözlərimi də qəribçiliyə salmayasınız.

Rusiyanın dünənki addımına görə ola bilsin ki, bəzi ekstremist və radikal qüvvələr Azərbaycanın adını hədəfə çıxartsınlar. Əslində mən dünən də, bu gün də mətbuatdakı dostlarıma o fikri çatdırmaq istəyirəm ki, Xəzər dənizi deyəndə adətən çoxları Azərbaycanı dərhal xatırlayır. Amma, Xəzər ətrafında İran, Qazaxstan, Türkmənistan və Rusiya dövlətləri də var axı. Ona görə də, bəzi dostlarımız ya bilməyərəkdən bu hadisəni az qala "Rusiya Bakı ərazisindən Suriyadakı hədəfləri bombaladı" tipli xəbərlər yaymaqla əslində ölkəmizi pis durumda təqdim edirlər. Bəli, Rusiya İŞİD-in 11 nöqtədəki hədəflərini Xəzər dənizindəki gəmilərindən 26 atəş açmaqla sıradan çıxarıb. Özü də Xəzərin İran ərazisinə düşən hissəsindən. Maraqlıdır ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və nazirliyin saytı da bu məsələnin üstündən elə ustalıqla keçiblər ki, bu xəbəri oxuyan və reallığı bilməyən istənilən adam düşünə bilər ki, ruslar gəlib Azərbaycan ərazisindən Suriyanı bombalayıb. Axı, hərbdən anlayışı olan hər kəs gözəl bilir ki, əvvala rusların dünənə qədər Xəzərdə yerləşdirdikləri hərbi gəmilərdə bu məsafəni vura biləcək heç bir silah-sursatı olmamışdı. Və heç bir rəsmi sənədlərdə də 300 km məsafədən uzaq gedə biləcək nə adi, nə də qanadlı raketlərin mövcudluğu söhbəti yox idi. Bəs onda Rusiya tərəfinin dünənki hərəkətinin adı nə idi? Güc nümayişi, yaxud ətraf ölkələri, elə öz əzəli rəqibləri olan ABŞ və NATO-nu qorxutmaq? Mən dostluğumda olan və olmayan rusiyapərəst yoldaşlara xoş olmayan bir ifadəni işlətməyə məcburam. Bu Putin və onun komandasının Azərbaycana və Xəzəryanı ölkələrə qarşı növbəti saymazyanalığı və özbaşınalığıdır. Mən başqa söz tapa bilmirəm. Suriya ərazisinə Xəzərdən tuşlanan raketlərin sədası yaxın zamanlarda bölgədə böyük narazılıq və narahatçılıq yarada bilər. Bunu əsla unutmaq olmaz. Onsuz da çox gərgin olan bir vəziyyətin üzərinə əslində Rusiya dünən daha ağır bir yük qatmış oldu. İŞİD-in son illər bütün ərəb və müsəlman dünyasına, eləcə də sivil dünyaya qarşı insanlıqdan kənar addımlarına göz yuman Rusiya son illər itirməkdə olan nüfuzunu guya bərpa etmək adı ilə indi "at oynadır". Özü də "qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarır". Bir çox məsələləri mən burda çox da incələmək istəməzdim. Amma, deməyimdə məqsəd odur ki, heç kim, Rusiya xalqına və ya dövlətinə qarşı deyil. Sadəcə bu məzlum xalqın Putin kimi bir prezidentinin Cənubi Qafqaz respublikalarına, əsasən də Azərbaycana qarşı üzdə guya səmimi, arxada isə məkrli siyasətinə qarşı olmalıyıq. 2008-ci ilin avqust hadisələri zamanı qonşu Gürcüstana qarşı, 20 ildən artıq bir müddətdə bizim qan sızlayan Qarabağ məsələsində faktiki öz vassalı olan Ermənistanı hər addımda müdafiə etməsi, ona haqq qazandırması, silahlandırması bizi belə düşünməyə vadar edir. Bir də unutmayaq ki, özünün qan qardaşı olan slavyan Ukrayna xalqına qarşı Putinin həyata keçirdiyi "qurşaqdan aşağı bıçaq zərbəsi" bütün dünyanı, xüsusən də biz vəziyyətdə olan dövlətləri belə siyasətdən, belə təhlükəli siyasətçilərdən uzaq olmağa sövq etməlidir.
Tanrı Azərbaycanımızı qorusun!!"
Link kopyalandı!
Son xəbərlər