ADP İdarə Heyəti növbəti toplantısını keçirib
Siyasət
312
15:54, Bu gün

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

Hörmüz boğazına BMT tərəfindən beynəlxalq status verilməsi təklif olunub...
 
Bu gün ADP İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda beynəlxalq və regional miqyasda baş verən aktual ictimai-siyasi proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb və bir sıra mühüm məsələlər üzrə partiyanın mövqeyi açıqlanıb.
 
İdarə Heyəti ilk öncə İran ilə ABŞ arasında aparılan danışıqları və bölgədə yaranmış hərbi-siyasi vəziyyəti müzakirə edib. Xüsusilə ötən həftə İslamabad şəhərində keçirilən danışıqların nəticəsiz başa çatması təəssüf hissi ilə qeyd olunub. Bununla yanaşı, tərəflər arasında əldə olunmuş atəşkəs müsbət qiymətləndirilib və regionda gərginliyin azaldılması baxımından mühüm addım kimi dəyərləndirilib. İdarə Heyəti tərəfləri beynəlxalq hüquq çərçivəsində dialoqu davam etdirməyə və radikal mövqelərdən çəkinməyə çağırıb.
 
Müzakirələrdə Macarıstanda keçirilmiş parlament seçkiləri də gündəmə gətirilib. Seçkilərin ümumilikdə şəffaf və demokratik mühitdə keçirildiyi qeyd olunub. Yeni siyasi reallığın Avropa İttifaqı institutlarının Ukraynaya dəstəyinin davam etdirilməsinə və regional əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyi ifadə olunub. Eyni zamanda Macarıstanda hakimiyyətə gəlmiş yeni siyasi qüvvənin bundan sonra da Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edəcəyinə dair ümidlər vurğulanıb.
 
İclasda Moldovanın Müstəqil Dövlətlər Birliyindən çıxması ilə bağlı məsələ də müzakirə edilib və bu prosesin Rusiyanın postsovet məkanında təsir imkanlarının zəifləməsinin göstəricisi kimi qiymətləndirilib.
 
İdarə Heyəti ötən həftə İstanbulda İsrail konsulluğuna qarşı törədilmiş terror hücumunu qətiyyətlə pisləyib. Hadisənin regionda gərginliyin artırılmasına və Türkiyənin təhlükəsizliyi ilə beynəlxalq imicinə zərbə vurmaq məqsədi daşıdığı bildirilib. 
 
İdarə Heyətində Hörmüz boğazı ətrafında yaranmış gərginlik də müzakirə olunub. İdarə Heyəti bu strateji bölgəyə Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq status verilməsini və gəmiçiliyin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsini vacib hesab edib. Əks halda İran-ABŞ gərginliyinin daha da dərinləşə biləcəyi qeyd olunub.
 
İdarə Heyəti V.Zelenskinin ABŞ-nın NATO-dan mümkün çıxışı fonunda Böyük Britaniya, Ukrayna və Türkiyənin hərbi müttəfiqliyi ilə bağlı təşəbbüsünə də münasibət bildirib. Bu təşəbbüsü Türkiyənin beynəlxalq təhlükəsizlik sistemində artan rolunun göstəricisi kimi qiymətləndirən toplantı iştirakçıları bu üç dövlətin hərbi potensialının birgə təhlükəsizlik mexanizmi çərçivəsində koordinasiyası Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verəcəyini bildirib.  
 
İdarə Heyəti həmçinin Qəbələ rayonunda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilmiş görüşləri müsbət qiymətləndirib və bunun iki ölkə arasında sülh prosesinə, münasibətlərin normallaşmasına və etimad mühitinin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda Ermənistanda cari ilin iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlı risklərə toxunulub və seçki prosesinə hər hansı xarici müdaxilənin, xüsusilə Rusiya tərəfindən mümkün təsirlərin qarşısının alınmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, belə müdaxilələr seçkilərin nəticələrinin saxtalaşdırılmasına, regionda revanşist qüvvələrin güclənməsinə şərait yarada bilər və nəticə etibarı ilə bu da Cənubi Qafqaz üçün ciddi təhlükəsizlik riskləri yarada bilər.
 
İdarə Heyəti Rusiya-Ukrayna müharibəsinə də diqqət çəkib. Pasxa bayramı münasibətilə elan olunmuş atəşkəs müsbət qiymətləndirilib və humanitar baxımdan mühüm addım kimi dəyərləndirilib. İdarə Heyəti atəşkəsin davam etdirilməsinin və münaqişənin yalnız beynəlxalq hüquq və hər iki dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında sülh danışıqları yolu ilə həll olunmasının vacibliyini bir daha vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər