Siyasət
349
21:35, Bu gün

"Sözün hökmü: nifrət ideologiyasına verilən gecikmiş cəza" - Ramiz Yunus

"Nifrəti qızışdıran ideyalar sonda xalqlar üçün faciəyə çevrilir və tarix qarşısında qaçılmaz hökmünü verir..."

Bəzi ölümlər insanları bölür, bəziləri isə gerçəyi bütün çılpaqlığı ilə ortaya qoyur. 91 yaşında həyatla vidalaşan Zori Balayan da belə fiqurlardan biri idi.

Moderator.az xəbər verir ki, bu barədə amerikalı politoloq, "Xəzər" Beynəlxalq Universitetinin professoru Ramiz Yunus "gordonua.com" nəşrində yazıb.

İdeoloqun sonu və ibrət dərsi kimi qalan sözlər

Müəllifə görə, Balayanın sözləri və ideyaları belə faciələrin bir daha təkrarlanmaması üçün miras kimi deyil, daha çox xəbərdarlıq kimi qalacaq. O vurğulayır ki, Azərbaycan və Ermənistan xalqlarının yaşadığı faciəni anlamaq üçün bəzən tarixdə oxşar nümunələrə baxmaq lazımdır. Bu kontekstdə Yozef Gebbels nümunəsi xatırladılır. O, silah tutmasa da, nifrəti normaya çevirərək zorakılığın əsasını qoymuşdu. Müəllif qeyd edir ki, böyük fəlakətlər güllə ilə deyil, sözlə, ideya ilə başlayır.

Nifrətin dili və Qarabağ faciəsi

Yunus yazır ki, illər keçsə də, tarixdən çıxarılan dərslər unudula bilər. Qarabağ münaqişəsi də yalnız siyasi səbəblərin deyil, eyni zamanda nifrət üzərində qurulan ideyaların nəticəsi idi. İnsanlara qonşunun düşmən olduğu aşılanır, birgəyaşayışın mümkünsüz olduğu fikri yayılırdı.

Bu prosesdə Zori Balayan kimi fiqurların rolu xüsusi vurğulanır. Onun ritorikası və yazıları bir çoxları üçün sadəcə fikir deyil, düşmənçiliyin və zorakılığın əsaslandırılmasına çevrildi. Müəllif qeyd edir ki, mexanizm eyni idi: əvvəl söz, sonra inandırma, ardınca total nifrət və nəticədə qan tökülməsi. Bu, Yozef Gebbels ilə paralelliyi yaradan əsas məqamdır - ideologiyanın insanı insana yadlaşdırması.

Tarixin hökmü və qaçılmaz nəticə

Məqalədə vurğulanır ki, Qarabağ müharibələri təkcə siyasi qərarların deyil, uzun illər şüurlara yeridilən ideyaların nəticəsi idi. Bunun bədəli isə ağır oldu: on minlərlə insan həyatını itirdi, minlərlə insan itkin düşdü, milyonlarla insan qaçqın vəziyyətinə salındı.

Yunus qeyd edir ki, nifrət yayanlar döyüş meydanında olmasalar belə, bu faciələrin məsuliyyətini daşıyırlar. Onun fikrincə, Zori Balayan həyatının sonunda öz ideyalarının nəticəsini  - Azərbaycanın Xankəndi və Şuşada bayraq qaldırmasını, qələbə paradını və separatçılara qarşı məhkəmə proseslərini gördü.

Müəllif yazını belə yekunlaşdırır: bu, təkcə bir insanın ölümü haqqında deyil, yaşayanlara xəbərdarlıqdır. Nifrət toxumu səpmək asandır, onu əsaslandırmaq daha asandır, amma onun bədəlini xalqlar ödəyir. Tarixin hökmü isə dəyişməzdir - "söz silaha çevriləndə, o da güllə qədər cinayət olur".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər