"Ermənistan "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması və gələcək idarəetməsi məqsədilə kənar dövlətlərin dəstəyinə ehtiyac duyacaq".
Moderator.az xəbər verir ki, TASS-ın məlumatına əsasən, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçirdiyi brifinq zamanı məlumat verib.
"ABŞ və Ermənistan arasında ortaq fəaliyyət davam etməkdədir. İnanırıq ki, tezliklə növbəti addıma - inşaat işlərinə başlaya biləcəyik. Məhz bu mərhələdə üçüncü tərəflərin iştirakı zəruri olacaq. Təbii ki, müqavilə və layihə özlüyündə tamamilə ikitərəflidir, yəni ABŞ və Ermənistanı əhatə edir. Bununla belə, həm tikinti prosesində, həm də, çox güman ki, həmin sistemlərin idarə olunması zamanı əlavə tərəfdaşların cəlb edilməsi tələb olunacaq", - deyə nazir vurğulayıb.
A.Mirzoyan əlavə edib ki, hazırda müvafiq sənədləşmə işləri aparılır və tərəflər dövlətlərarası müqavilənin təsdiqlənməsi ərəfəsindədirlər. "Biz Amerika Administrasiyasının rəsmiləri ilə müxtəlif mövzular ətrafında mütəmadi olaraq fikir və mövqe mübadiləsi həyata keçiririk", - deyə o diqqətə çatdırıb.