"Ukrayna yeni geosiyasi mərhələyə keçir..."
Vladimir Zelenskinin Yaxın Şərq turnesi - Fars körfəzi ölkələri, Türkiyə və Suriyanı əhatə edən səfərlər ayrı-ayrı görüşlər deyil, vahid diplomatik strategiyanın tərkib hissəsidir.
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının birləşmiş diasporu" Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavad "gordonua.com" nəşrində yazıb.
Vahid strategiyanın konturları
Müəllif yazır ki, bu "geosiyasi qövs" Ər-Riyaddan Dohaya, oradan Ankaraya və nəhayət Dəməşqə qədər uzanaraq Ukraynanın regional və qlobal siyasətdə rolunun dəyişdiyini göstərir. Bu səfərin mərkəzində isə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə dayanır. Ankara həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə əlaqələri qoruyur. Məhz Türkiyənin vasitəçiliyi ilə "taxıl sazişi" əldə olunub, Montrö Konvensiyası çərçivəsində boğazların bağlanması isə Rusiyanın hərbi imkanlarını məhdudlaşdırıb.
Türkiyə və türk dünyası: Ukrayna üçün yeni istiqamət
Müəllif vurğulayır ki, Türkiyə Ukrayna üçün sadəcə tərəfdaş deyil, strateji dayaqlardan biridir. NATO-da ABŞ-dan sonra ikinci ən güclü orduya sahib olan Türkiyə ilə müdafiə əməkdaşlığı artıq Kiyev üçün əsas istiqamətlərdən birinə çevrilib. Bu əməkdaşlığın simvolu isə müharibənin ilk mərhələlərində mühüm rol oynayan "Bayraktar" dronlarıdır.
Lakin proses bununla məhdudlaşmır. Ukrayna daha geniş geosiyasi və geoiqtisadi məkana - Türk Dövlətləri Təşkilatı ilə əlaqəli platformaya inteqrasiya etməyə çalışır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən bu qurumun ümumi iqtisadi potensialı artıq 2 trilyon dolları keçir və Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır.
Bu kontekstdə Azərbaycanla münasibətlər də xüsusi əhəmiyyət daşıyır. Bakı Kiyev üçün təkcə enerji tərəfdaşı deyil, həm də hərbi-siyasi təcrübə mənbəyidir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi postsovet məkanında nadir uğurlu nümunələrdən biri kimi Ukraynanın diqqətini çəkir.
Dəməşq mesajı və yeni diplomatiya modeli
Zelenskinin Ankaradan sonra Dəməşqə səfəri artıq təsadüfi görünmür. Dəməşq uzun illər Rusiya və İran təsiri altında olan və müasir müharibə strategiyalarının sınaqdan keçirildiyi məkandır. Məhz belə bir nöqtəyə Ukrayna liderinin səfəri Kiyevin yeni statusunu göstərir.
Müəllifin qənaətinə görə, Ukraynanın bugünkü diplomatiyası artıq "sağ qalma diplomatiyası" deyil. Bu, təsir dairəsini genişləndirməyə yönəlmiş yeni mərhələdir. Kiyev tədricən yardım alan ölkədən hərbi təcrübə, texnologiya və xüsusilə dron sahəsində bilik ixrac edən aktora çevrilir.
"Yaxın Şərq - Türkiyə - türk dünyası" xətti Ukrayna üçün yeni imkanlar oxu formalaşdırır. Qərb mexanizmlərinin zəiflədiyi və siyasi qeyri-sabitliyin artdığı şəraitdə bu çoxşaxəli strategiya Kiyev üçün həm hərbi, həm iqtisadi, həm də diplomatik resursların genişlənməsi baxımından həyati əhəmiyyət kəsb edir.