Bizi sosial şəbəkələrdən izləyin:
“Müharibənin bitməsi həm dünya, həm də ölkəmiz üçün müsbət haldır.”
Moderator.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) Baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib.
Politoloq İran–ABŞ gərginliyinin səngiməsini dünya üçün mühüm hadisə adlandırıb:
“Bu məsələ həm dünya, həm də ölkəmiz üçün vacib və aktual mövzudur. Hesab edirəm ki, ötən gecə Trampın İranla bağlı son xəbərdarlığı və ən ağır silahlarla bombardman barədə bəyanatı bütün dünyanı narahat edirdi. Sivil dünya hadisələrin gedişatını böyük həyəcanla izləyirdi. Əgər Tramp hədələrini gerçəkləşdirib İranın energetika sisteminə zərbələr endirsəydi, bu, XXI əsrin ən böyük humanitar fəlakətinə yol açacaqdı. Biz hər zaman münaqişələrin diplomatik yolla həllinin tərəfdarı olmuşuq. Partiyamız da dəfələrlə bu istiqamətdə çıxışlar edərək tərəfləri sülhə dəvət edib.”
N.Orduxanlı qeyd edib ki, atəşkəsin əldə olunmasında əsas pay sahibi Pakistan və Çindir:
“Atəşkəsin əldə olunmasında verdikləri töhfəyə görə hər kəs Pakistan və Çinə minnətdar olmalıdır. Bu iki ölkənin sülh prosesində rolu çox böyük oldu. Yaranmış vəziyyət İranla Amerikanın barışması üçün tarixi şans yaradıb. Yarıməsrlik düşmənçiliyə son qoyula bilər. Biz regionda davamlı sülhün tərəfdarıyıq. İstəmirik ki, əhalisinin yarısı türk soylu olan qonşu İran dövləti müharibə şəraitində olsun. Biz bunun tərəfdarı deyilik.”