İsraildən uzaqlaşaq, yoxsa yaxınlaşaq?
Siyasət
376
17:52, Bu gün

İsraildən uzaqlaşaq, yoxsa yaxınlaşaq?

“The National Interest” saytında Eldar Məmmədov "Should Azerbaijan Distance Itself from Israel — or Would It Weaken Without It?" (Azərbaycan İsraildən uzaqlaşmalıdır, yoxsa uzaqlaşma onu zəiflədər) adlı məqalə ilə çıxış edib.

Azərbaycanın İsraillə münasibətləri bu gün mürəkkəb və çoxqatlı geosiyasi müzakirə mövzusuna çevrilib. Eldar Məmmədov öz məqaləsində bu münasibətlərin artıq yeni risklər yaratdığını vurğulayır və Bakı ilə Tehran arasında balansın nə qədər kövrək olduğunu qeyd edir: “the conversation revealed just how fragile the détente between Baku and Tehran truly is” (“Bakı ilə Tehran arasında yumşalmanın nə qədər kövrək olduğu açıq şəkildə görünür”).

Müəllifin yanaşmasına görə, bu kövrəklik təsadüfi deyil. O hesab edir ki, ABŞ və İsrailin İrana qarşı siyasəti davam etdikcə Azərbaycan üçün balans saxlamaq daha da çətinləşir: “the longer the US-Israeli campaign against Iran continues, the harder that balance becomes to sustain” (“ABŞ-İsrail kampaniyası davam etdikcə bu balansı qorumaq daha da çətinləşir”).

Eyni zamanda müəllif Azərbaycanın İsraillə əməkdaşlığının real faydalarını da qəbul edir. O yazır:

“Israel provided Azerbaijan with billions of dollars worth of cutting-edge military technology” (İsrail Azərbaycana milyardlarla dollar dəyərində qabaqcıl hərbi texnologiya təqdim edib”).

Lakin onun əsas arqumenti ondan ibarətdir ki, bu üstünlüklər artıq risklərlə müşayiət olunur. Xüsusilə İran amili ilə bağlı o açıq şəkildə bildirir: “In a direct confrontation with Iran, Azerbaijan would likely be the loser” (“İranla birbaşa qarşıdurmada Azərbaycan böyük ehtimalla uduzan tərəf olar”).

Bu yanaşma müəllifin ümumi nəticəsini formalaşdırır: Azərbaycan ehtiyatlı və balanslı siyasət yürütməyə məcburdur.

Bu nöqtədən sonra məsələni daha geniş kontekstdə qiymətləndirmək vacibdir.

Son 30 ilin geosiyasi reallığı göstərir ki, İsrail Azərbaycanın yanında dayanan əsas tərəfdaşlardan biri olub. Bu, xüsusilə hərbi və texnoloji sahədə özünü göstərib və bu fakt danılmazdır. Eyni zamanda, İranla münasibətlər isə çox vaxt gərgin və qarşılıqlı etimadsızlıq fonunda inkişaf edib.

Bu faktlar nəzərə alınmadan aparılan hər hansı analiz natamam olar.

Digər tərəfdən, coğrafiya dəyişməz reallıqdır. Azərbaycan İsraillə əməkdaşlıq edə bilər, lakin İranla qonşuluqdan qaça bilməz. Bu isə məsələyə təkcə siyasi yox, həm də təhlükəsizlik prizmasından yanaşmağı zəruri edir.

Mənim fikrimcə, burada əsas məsələ seçim deyil, idarəetmədir. Azərbaycan nə İsraildən imtina edə bilər, nə də İran faktorunu nəzərə almadan hərəkət edə bilər. Bu isə ölkəni mürəkkəb və riskli balans siyasətinə məcbur edir.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “aysberq” yanaşması xüsusi əhəmiyyət kəsb edir. Cənab prezident iki ölkənin çoxqatlı münasibətini məhz buz dağına bəzətmişdi. Bu münasibətlər doğrudan da görünəndən daha dərin və mürəkkəbdir.

Nəticə etibarilə, bu sualın sadə cavabı yoxdur. İsraillə münasibətlər Azərbaycan üçün həm strateji üstünlük, həm də artan risk mənbəyidir. Eyni zamanda İran faktoru bu münasibətlərin sərhədlərini müəyyənləşdirən əsas amildir.

Bu isə o deməkdir ki, Azərbaycanin qarşısında seçim yox, davamlı və çətin balans vəzifəsi dayanır.

Elbəyi Həsənli, Sürix

//nationalinterest.org/blog/silk-road-rivalries/has-israel-become-a-liability-for-azerbaijan

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər