XİN:
Siyasət
278
18:25, Bu gün

XİN: "Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquq və ədalətə söykənir"

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, hökumətin və XİN-in diqqətə çatdırılıb.

Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il birgünlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub.

Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü üsual altına qoymayıb".

Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər