Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Zəngəzur Dəhlizinin yük daşımalarında böyük vaxt qənaəti yaradacağını deyib.
Moderator.az-ın məlumatına görə, nazir Qarsdan başlayaraq Iğdır, Aralık və Dilucu vasitəsilə Naxçıvana, oradan isə Zəngəzur dəhlizi ilə Azərbaycana və Xəzər üzərindən keçən bir nəqliyyat koridoru üzərində iş görüldüyünü bildirib.
Uraloğlu vurğulayıb ki, layihə tamamlandığı zaman Orta Asiyaya və Türk dünyasına daha qısa yol açılacaq:
“Türkiyə hissəsi 224 kilometrdir. Keçən il təməli atılıb və işlər davam edir. Azərbaycanın tərəfində işlər tamamlanmaq üzrədir, Naxçıvanda da böyük hissə bitib. Layihənin 4–5 il ərzində başa çatdırılması planlaşdırılır. Nəticədə bu koridorlarla daşımada böyük vaxt fərqi yaranacaq. Dəniz yolu ilə 45 gün, mövcud orta koridorla 35 gün, yeni orta koridorla isə 18 günə enəcək. Bu, çox böyük vaxt qazancı deməkdir”, - nazir qeyd edib.