Fransa Milli Assambleyasında Kanaki (Yeni Kaledoniya) ilə bağlı konstitusiyaya dəyişiklik layihəsinin müzakirəsinə başlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Qeyd edilib ki, bu prosesin üç gün davam edəcəyi gözlənilir. Lakin Fransanın qanunvericilik orqanında siyasi qüvvələr arasında balansın qeyri-müəyyən olması səbəbindən konstitusiyaya təklif edilən dəyişikliklərin qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Sözügedən layihə Fransa qanunverici orqanı tərəfindən qəbul edildiyi təqdirdə Kanakinin siyasi statusunda və seçki sistemində dəyişikliklərə yol açacaq.
Vurğulanıb ki, layihə vilayət seçkilərində Fransa tərəfindən Kanakiyə köçürülmüş əhali hesabına seçkidə iştirak etmək hüququ olan şəxslərin əhatə dairəsinin genişləndirilməsini və mövcud seçki qaydalarının yenidən müəyyən edilməsini nəzərdə tutur. Müstəqillik tərəfdarları müzakirəyə çıxarılmış aktı Fransa hökuməti tərəfindən seçkilər zamanı Kanakidə yaşayan yerli əhalinin azlıqda qalmasını təmin etmək və Fransanın müstəmləkəçilik siyasətinin möhkəmlənməsini nəzərdə tutan addım kimi qiymətləndirirlər.
Konstitusiyaya təklif edilən dəyişikliklərdə yeni "Kaledoniya vətəndaşlığı" anlayışının tətbiqi, mərkəzi hökumətin bir çox səlahiyyətlərinin yerli idarəetmə orqanlarına ötürülməsi nəzərdə tutulur və seçici siyahısının genişləndirilməsi təklif olunur. Bu xüsusda adada doğulan şəxslərin, eləcə də ərazidə ən azı 15 il daimi yaşamış şəxslər də seçkilərdə iştirak hüququ əldə edirlər.
Kanakinin müstəqillik tərəfdarı, Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) layihəyə qarşı çıxaraq bunun yekun siyasi razılaşma olmadığını və onun yekun razılaşma kimi təqdim edilməsinin reallığı əks etdirmədiyini bəyan edib. FLNKS rəhbərliyi Fransanı əvvəlki razılaşmalar, xüsusilə Matinyon və Noumea sazişlərindəki öhdəliklərindən uzaqlaşmaqda ittiham edir, baş verən proseslərə görə məsuliyyətin birbaşa Fransa hökumətinin üzərində olduğunu vurğulayır.
FLNKS hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu kimi konstitusiya qanun layihəsindən imtina edilməli, mövcud seçici siyahısı əsasında qısa müddətdə vilayət seçkiləri keçirilməlidir və yalnız bu yolla yerli əhalinin iradəsi legitim ifadə oluna bilər. Eyni zamanda, FLNKS Bujival layihəsi ilə bağlı erkən referendum keçirilməsi təklifini qəbul etmir və hesab edir ki, bu addım cəmiyyət daxilində parçalanmaya səbəb ola bilər.
Fransa parlamentinin üzvü Bastiyan Laşo (Bastien Lachaud) məsələ ilə bağlı çıxış edərək bildirib ki, hökumət Kanaki ilə bağlı konstitusiya layihəsini konsensus olmadan qəbul etdirməyə çalışır. Onun sözlərinə görə, sənəd həm siyasi qüvvələrin böyük hissəsi, həm də müstəqillik tərəfdarları tərəfindən dəstəklənmir.
Qeyd edək ki, Kanakinin paytaxtı Noumeada Fransa parlamentində aparılan müzakirələr ərəfəsində Fransa tərəfindən öyrədilmiş şəxslər aksiya keçirib. Aksiya iştirakçıları küçələrə çıxaraq Fransaya və müzakirə olunan konstitusiya layihəsinin qəbuluna dəstək ifadə ediblər.