Bu gün bütün sülhsevər insanları və ən çox da Azərbaycan vətəndaşlarını narahat edən əsas məsələ, şübhəsiz, qonşu İran dövlətinə, onun başında duran rejimə qarşı ABŞ-İsrail hərbi qüvvələrinin birgə apardığı müharibədir. Bu müharibənin uzanması, genişlənməsi, böyüməsi yaxşı heç nə vəd etmədiyindən ABŞ dövləti onu tez bir zamanda bitirməyə can atır. İrandakı hərbi strukturların doxsan faizinin məhv edilməsinə baxmayaraq, dirəniş davam etməkdədir. Sonuc əvvəldən məlum olsa da İran rəsmiləri tərəfindən səsləndirilən “Atəşkəsdən söhbət gedə bilməz!
Amerika və İsraili məhv edənə qədər döyüşəcəyik!”, “Müharibəni biz başlamamışıq, düşmənləri məhv etməkdə özümüzü haqlı hesab edirik!”, “Heç bir danışıqdan söhbət gedə bilməz, sona qədər vuruşacağıq!” kimi şüarların özündə nəyi ehtiva etdiyi əslində aydındır.Məqsəd vətəndaşları İran dövlətinin gücünə inandırmaq, onları sakitləşdirmək və rejimə qarşı baş qaldıra biləcək növbəti üsyan dalğasının qarşısını almaqdır.
İran vətəndaşları anlamamış deyillər ki, müharibəni İran rəhbərliyi başlamasa dabaşladılmasına o, səbəb olub. Biz İran hakimiyyət orqanlarının “Müsəlman qardaşlarımız dar gündə bizim yanımızda olmadılar” iradını da qəbul etmirik. Çünki qonşu dövlətəgöstərdiyimiz maddi və mənəvi dəstək həmişə göz qabağında olub.
Ancaq təəssüflər olsun ki, 44 günlük Qarabağ savaşı zamanı biz İran dövlətini müsəlman qardaşlarının yanında deyil, düşmən xristian dövlətinin tərəfində gördük.
Onlar şanlı ordumuzun öz torpağımızda İranla sərhəd boyu irəliləməsinin qarşısını alaraq əlavə şəhidlər veməyimizə səbəb oldu. Bu, İran hakimiyyəti tərəfindən Azərbaycan dövlətinə qarşı arxadan vurulan ağır bir zərbə idi. Mən hələ İran tərəfdən Azərbaycan və Türkiyəyə atılan raket zərbələrini demirəm. Baxmayaraq ki, Türkiyə dövləti də bu müharibədə İranı həmişə dəstəkləyib.
Bu gün ABŞ-nin quru qoşunlarının İrana hücum edərək hakimiyyəti tam ələ keçirməsi real görünmür. Çünki bu, hər iki tərəfdən böyük insan tələfatına səbəb ola bilər.
Amma bu çevriliş yerli camaatın, müxtəlif xalqların üsyanı nəticəsində tez bir zamanda reallaşa bilər. Fərz etmək olar ki, Amerika və İsrailin kəşfiyyat və xüsusi xidmət orqanları İranda bu istiqamətdə xeyli iş görüblər. Quru qoşunları o vaxt İrana girəcək ki, xalq rejimə qarşı yenidən üsyana qalxmış olsun.
Keçək baş verən bu hadisələrə qonşu ölkələrin münasibətinə.Baxaq görək istər Türkiyə olsun, istərsə də körfəz dövlətləri; onlar İranın atom silahına sahib olmasını istəyərmi? Əlbəttə ki, yox! İranın atom bombasına malik olması Yaxın Şərqdə böyük təhlükə mənbəyi olmaqla yanaşı, istər-istəməz qonşu dövlətləri də bu istiqamətdə silahlanma yarışına sövq etməyəcəkmi?! İranın parçalanması isə öz ərazilərini genişləndirmək üçünçalışan İsrail dövlətini daha böyük işğallara həvəsləndirə bilər.
Demokratik prinsiplərlə deyil, irticaçı bir rejimlə idarə olunan İran dövləti nəyinki qonşu ölkələr, həmçinin öz vətəndaşları tərəfindən də dəstəklənmir. Bir neçə ay öncə öz doğal hüquqları uğrunda üsyana qalxan, sonucda meydanlarda dar ağaclarından asılaraq edam edilən insanların ailələrini silah gücünə nümayişlərə çıxarıb, İran rejimini müdafiə etməyə məcbur etmək gülünc və ikrah hissi doğurur. Deməli Türkiyə və qonşu dövlətlər İranın parçalanmasında deyil, rejimin məhv edilməsində maraqlı ola bilər. Görünən odur ki, ABŞ dövlət rəhbərliyi İranın maddi sərvətlərinə, əhalisinə deyil, əsasən hərbi strukturlarına zərbə vurmaqla qalib gəlmək və hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Baxmayaraq ki, bu variant İsrail dövlətini heç də qane etmir.
Müharibənin uzanmasının bir sıra səbəbləri vardır. Bunlardan birincisi Rusiya və Çin dövlətinin İrana göstərdiyi maddi və mənəvi dəstəkdir. Ukrayna-Rusiya müharibəsində ABŞ və Avropa dövlətləri Ukraynaya böyük hərbi yardımlar etdiyi üçünbu gün Rusiya da öz imkanları daxilində İrana köməklik edir. Bu arada İran dövlətinin Rusiyaya ötürdüyü davamlı hərbi yardımları da unutmaq olmaz. Çinə gəldikdə isə, aydındır ki, o, ABŞ dövləti ilə rəqabət aparan yeganə güc mərkəzidir.
Odur ki, ABŞ dövlətinin bu müharibəni aparmaqda əsas məqsədlərindən birincisi dünya enerji resurslarını öz nəzarətinə keçimək istəyidir. Müharibənin uzanmasına digər səbəb isə döyüşbaşlamazdan öncə ABŞ və İsrail rəhbərliyinin bu savaşı Avropa dövlətləri ilə müzakirə etmədən, razılaşmadan həyata keçirməsi oldu. Və ona görə də müharibənin gedişində ABŞ dövləti avropalı müttəfiqlərindən kömək istəyərkən qarşı tərəfdən müsbət cavab ala bilmədi. Nəzərə alsaq ki, Çin və Rusiya dövlətləri bu savaşın bitməsində deyil, uzanmasında maraqlıdır, deməli müharibənin tez bir zamanda başa çatması üçün danışıqlara gedilməsi qaçılmazdır. Və bu danışıqlar yalnız ABŞ dövlətinin şərtləri çərçivəsində baş tutacaq. Əks təqdirdə bu, ABŞ-nin İrana məğlubiyyəti kimi dəyərləndirilə bilər. Aydındır ki, İran dövləti danışıqlara gedəcək. Yox əgər o, bunu etməsə, onda ABŞ-İsrail hərbi birləşmələri daha böyük və intensiv hücumlarla öz məqsədinə çatacaq.
Aləm Kəngərli