Mehdi Hüseynzadə: tarix, kino və yaddaş üzərindən qurulan diplomatiya
Siyasət
534
23 Mar 2026 | 18:02

Mehdi Hüseynzadə: tarix, kino və yaddaş üzərindən qurulan diplomatiya

Avropa mediasında yayılan bir xəbər ilk baxışda mədəniyyət hadisəsi kimi görünə bilər. Lakin diqqətlə baxdıqda bu, daha dərin və çoxqatlı prosesin bir hissəsidir.

Avropanın kino sənayesi üzrə ixtisaslaşmış platforması olan "Film New Europe" yazır ki, Sloveniyanın dövlət yayımçısı RTV Slovenia nümayəndələri Bakıda Mehdi Hüseynzadə haqqında film layihəsini müzakirə ediblər. Bu, təkcə bir film ideyası deyil. Bu, tarix üzərindən qurulan siyasi və mədəni xəttin davamıdır.

Mehdi Hüseynzadə Azərbaycan üçün qəhrəmandır. Amma onun hekayəsi yalnız milli çərçivəyə sığmır. O, II Dünya müharibəsi dövründə Sloveniyada partizan hərəkatında iştirak edib və məhz orada həlak olub. Bu fakt onu Azərbaycanla Avropa arasında simvola çevirir.

Məhz buna görə də onun xatirəsi Sloveniyada qorunur. Nova Gorica yaxınlığında ucaldılan abidə bu yaddaşın konkret ifadəsidir. Bu abidə 2007-ci ildə açılıb və Azərbaycan–Sloveniya münasibətlərində simvolik hadisələrdən biri hesab olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin həmin abidənin açılış mərasimində iştirakı isə bu məsələyə verilən siyasi əhəmiyyətin göstəricisidir. Cənab Əliyevin çıxışında səsləndirdiyi fikir bu yanaşmanı açıq şəkildə ortaya qoyur: “Mehdi Hüseynzadə təkcə Azərbaycan xalqının deyil, Avropa xalqlarının da azadlığı uğrunda mübarizə aparmış qəhrəmandır.”

Bu cümlə sadə xatırlatma deyil. Bu, siyasi mesajdır. Çünki bu yanaşma ilə Azərbaycan öz tarixini Avropanın ortaq yaddaşına daxil edir. Bu, “bizim qəhrəman” modelindən “ortaq qəhrəman” modelinə keçiddir. Bu prosesin arxasında isə daha incə və bəzən görünməyən detallar dayanır.

Akademik Rəfail Hüseynov – hazırda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini – şəxsi söhbətlərimizdə dəfələrlə vurğulamışdı ki, İlham Əliyev Mehdi Hüseynzadənin abidəsinin ucaldılması məsələsinə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, Prezident bu layihənin yalnız siyasi yox, hətta texniki və estetik detallarına qədər şəxsən müdaxilə edib. Bu, məsələnin sadəcə protokol səviyyəsində olmadığını göstərir.

RTV Slovenia-nın film layihəsi göstərir ki, Mehdi Hüseynzadə artıq yalnız tarixi fiqur deyil. O, vizual mədəniyyətə daxil olur. Kino vasitəsilə daha geniş auditoriyaya çıxır. Bu isə onun simvolik çəkisini daha da artırır.

Bu kontekstdə bir detal xüsusi diqqət çəkir. Mehdi Hüseynzadənin həyatı artıq sovet dövründə ekranlaşdırılıb. “Uzaq sahillərdə” filmi 1958-ci ildə çəkilib və Azərbaycan kinosunun kult nümunələrindən birinə çevrilib.

Film təkcə ölkə daxilində deyil, bütün SSRİ məkanında böyük uğur qazanmışdı. Müxtəlif mənbələrə görə, bu filmə on milyonlarla tamaşaçı baxıb. Bu gün də Azərbaycan tamaşaçısı üçün həmin film aktualdır və Mehdi Hüseynzadənin obrazı məhz bu ekran işi vasitəsilə kollektiv yaddaşda yaşayır.

Beləliklə, bir partizan hekayəsi bir neçə mərhələdən keçir: əvvəl tarix olur, sonra kinoya çevrilir və nəhayət, geopolitik yaddaş elementinə dönür. Bu gün Avropada yeni film layihəsinin müzakirəsi göstərir ki, bu proses davam edir. Tarix burada sadəcə keçmiş deyil. O, bu günün siyasətində istifadə olunan resursdur. Mehdi Hüseynzadə isə bu resursun mərkəzində dayanır.

Elbəyi Həsənli, Sürix

//www.filmneweurope.com/news/slovenia-news/item/127739-slovenian-rtv-plans-partnership-with-azerbaijan-on-mehdi-huseynzade-biopic

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər