Qüdrət Həsənquliyev:
Siyasət
156
20:20, Bu gün

Qüdrət Həsənquliyev: "Bu, korrupsiyanın qarşısını alan əsas mexanizmlərdən biridir"

Yüksək maaş korrupsiyanın qarşısını alan əsas mexanizmlərdən biridir.

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri və millət vəkili dövlət hakimiyyəti orqanlarında müəyyən vəzifə tutan şəxslərin əmək haqlarının artırılmasına münasibət bildirib.

Moderator.az xəbər verir ki, Millət vəkili deyib ki, xalqın sosial rifahının yüksəldilməsi və təhlükəsizliyin təmin olunması üçün ölkə güclü iqtisadiyyata sahib olmalıdır. Onun sözlərinə görə, güclü iqtisadiyyat qurmaq üçün ölkədə qanunun aliliyi təmin edilməli, korrupsiyaya qarşı effektiv mübarizə aparılmalıdır.

Q.Həsənquliyev qeyd edib ki, dövlət hakimiyyəti səlahiyyətlərinə malik olan şəxslərə onların ləyaqətli həyatını təmin edəcək səviyyədə maaş verilməlidir: “Yüksək maaş alan dövlət qulluqçularının əksəriyyəti qanunsuz yollarla əlavə gəlir əldə etmək üçün risk etməyəcək. Belə hallara yol verənləri isə ifşa etmək daha asan olacaq”.

Deputatın sözlərinə görə, əksinə, ailəsinin ləyaqətli həyatını təmin edə bilməyən məmurların böyük hissəsi vətəndaşları incidərək rüşvət almağa, ictimai vəsaiti mənimsəməyə meylli olur, bu isə biznesin inkişafına və ədalətli rəqabətə maneə yaradır.

Q.Həsənquliyev beynəlxalq təcrübəyə də istinad edib: “Sinqapur möcüzəsinin müəllifi Li Kuan Yu hakimiyyətə gəldikdən sonra dünyanın ən yoxsul ölkələrindən birində islahatlara başladı. O, nazirlərə ayda 100 min dollar maaş verərək onlardan ləyaqətli və vicdanlı fəaliyyət tələb etdi. Bu gün Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və orada orta aylıq əmək haqqı 4400 dollardır”.

Millət vəkili vurğulayıb ki, dövlət hakimiyyət nümayəndələrinə yüksək maaş verilmədikdə, “qənaət edilən” vəsaitdən dəfələrlə artıq məbləğ oğurlana bilər və bu, ölkənin inkişafını ləngidər. Onun fikrincə, bundan ən çox zərər çəkən sadə vətəndaşlar olur: onların hüquqları tez-tez pozulur, iqtisadi inkişaf zəif olduğu üçün yüksək maaşlı iş tapmaq imkanları azalır, gələcəkdə yüksək pensiya almaq və güclü sosial müdafiə ilə təmin olunmaq çətinləşir.

Q.Həsənquliyev əlavə edib ki, “Onlar onsuz da rüşvət alırlar, maaşlarını artırmağa nə ehtiyac var” deyənlər ya qərəzli mövqe sərgiləyir, ya da dövlətçilik düşüncəsi və strateji baxışdan uzaqdır.

Deputat bildirib ki, bütün bunları nəzərə alaraq, o, həmişə islahatlara məhz bu kateqoriyadan olan şəxslərin maaşlarının artırılması ilə başlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bunun ardınca dövlət idarəetməsi, məhkəmə sistemi və iqtisadi sahədə geniş islahatlar həyata keçirilməlidir.

Eyni zamanda Q.Həsənquliyev vurğulayıb ki, bu yanaşma digər kateqoriyadan olan vətəndaşların, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinin diqqətdən kənarda qalması anlamına gəlmir. ("AzPolitika")

Link kopyalandı!
Son xəbərlər