Qəbul olunan dəyişikliklər dövlət aparatında effektivliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır - RƏY
Siyasət
438
11:29, Bu gün

Qəbul olunan dəyişikliklər dövlət aparatında effektivliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır - RƏY

"Dövlət qulluğunda əməkhaqqı və mükafatlandırma mexanizmlərinin yenidən qurulması yalnız texniki və ya inzibati dəyişiklik deyil, idarəetmədə qiymətləndirmə fəlsəfəsinin mahiyyətinin dəyişməsi kimi qiymətləndirilməlidir".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Azər Kərimli deyib.
 
Deputat qeyd edib ki, qəbul olunan dəyişikliklər dövlət aparatının effektivliyinin artırılması, şəffaflığın təmin olunması və insan resurslarının daha rasional idarə edilməsi baxımından da strateji əhəmiyyət daşıyır:
 
"İlk növbədə, mövcud sistemdə dövlət qulluqçularına staj, səlahiyyət və müxtəlif inzibati göstəricilərə görə verilən əlavələrin, eləcə də dövlət büdcəsi hesabına ödənilən müavinətlərin ləğvi əməkhaqqı strukturunun sadələşdirilməsinə xidmət edir. Əvvəlki modeldə əməkhaqqı çoxsaylı komponentlərdən ibarət idi və bu da həm idarəetmədə qeyri-şəffaflıq yaradır, həm də real gəlirin qiymətləndirilməsini çətinləşdirirdi. Nəticədə, eyni vəzifəni icra edən şəxslər arasında gəlir fərqləri bəzən obyektiv meyarlardan deyil, əlavə mexanizmlərin tətbiqindən asılı olurdu".
 
Onun fikrincə, yeni yanaşma bu mürəkkəbliyi aradan qaldıraraq əməkhaqqını əsasən baza maaşı üzərində qurur.
 
Deputat vurğulayıb ki, əgər əvvəl əməkhaqqının baza hissəsi ümumi gəlirin cəmi 35–45 faizini təşkil edirdisə, yeni modeldə bu göstəricinin 95 faizdən yuxarı olması nəzərdə tutulur.
 
"Bu isə əməkhaqqının strukturunu daha aydın və proqnozlaşdırıla bilən edir. Dövlət qulluqçusu artıq gəlirinin əsas hissəsini sabit mənbədən əldə edir və müxtəlif əlavələrdən asılılıq aradan qaldırılır. Bu, həm də dövlət büdcəsinin planlaşdırılmasında daha dəqiq yanaşmaya imkan verir", - o deyib.
A.Kərimli hesab edir ki, kollektiv və fərdi mükafatların ləğv edilərək vahid və nəticəyönümlü əməkhaqqı sisteminin tətbiqi beynəlxalq idarəetmə təcrübəsinə uyğunlaşma baxımından da mühüm addımdır:
 
"İnkişaf etmiş ölkələrin dövlət xidmətlərində müşahidə olunan əsas tendensiya əməkhaqqının sadə, şəffaf və nəticəyə bağlı mexanizmlərlə tənzimlənməsidir. Bu modeldə əsas vurğu qeyri-formal təşviq vasitələrindən deyil, institusional və ölçülə bilən nəticələrdən asılı olan sabit gəlir üzərində qurulur. Beləliklə, mükafatlandırma subyektiv qərarlardan daha az asılı olur və idarəetmədə obyektivlik artır".
 
Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
 
Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
 
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Link kopyalandı!
Son xəbərlər