ABŞ-da siyasi elitanın əsas platformalarından biri olan The Hill-də yayımlanan və Atlantic Council ilə əlaqəli analitik Mark Temnycky tərəfindən yazılan “Congress can boost US trade and strike a blow to Iran with Azerbaijan’s help” (“Konqres ABŞ ticarətini genişləndirə və Azərbaycanın köməyi ilə İrana zərbə vura bilər”) adlı məqalə artıq gizlədilən yox, açıq danışılan strategiyanı ortaya qoyur.
The Hill təsadüfi media deyil. Bu platforma Konqres üzvləri, siyasətçilər və qərarvericilər üçün yazılır və orada dərc olunan fikirlər çox vaxt Vaşinqtonun real strateji düşüncəsini əks etdirir.
Məqalədə açıq şəkildə deyilir: “The U.S. stands to gain from expanding its partnerships in the South Caucasus”.
Yəni ABŞ Cənubi Qafqazda mövqeyini genişləndirməklə birbaşa qazanc əldə etməyi planlaşdırır. Bu, sülh ritorikası deyil. Bu, maraqdır.
Daha açıq ifadə isə budur: “A stronger partnership with the U.S. would weaken Iranian and Russian positions in the region”.
Yəni ABŞ-la əməkdaşlıq İran və Rusiyanın regiondakı mövqelərini zəiflətmək üçün alət kimi nəzərdə tutulur.
Bu nöqtədə məsələ tam aydınlaşır. Azərbaycan sadəcə tərəfdaş deyil. Azərbaycan geosiyasi balansın dəyişdirilməsi üçün istifadə olunan əsas platformadır.
Məqalədə açıq çağırış edilir ki, ABŞ Konqresi Amerika erməni lobbisinin sifarişi ilə ortaya çıxmış bədnam 907-ci düzəlişi ləğv etsin. Bu düzəliş illərdir Azərbaycana qarşı məhdudiyyət qoyurdu. İndi isə deyirlər ki, bu qanun artıq “köhnəlib” və ABŞ-ın maraqlarına mane olur.
Yəni Vaşinqton açıq şəkildə deyir: Azərbaycan artıq məhdudlaşdırılmalı ölkə deyil, istifadə olunmalı strateji tərəfdaşdır.
ABŞ bunu açıq deyir. Deyir ki, Rusiya zəifləyir. İran aqressivləşir. Və bu oyunun mərkəzində Azərbaycan dayanır.
Məqalədə qeyd olunan digər mühüm məqam isə TRIPP dəhlizidir. Açıq şəkildə vurğulanır: “The trade route will bypass Iran and Russia”.
Yəni yeni marşrut İranı və Rusiyanı yan keçərək Qərb üçün alternativ xətt yaradır. Bu artıq iqtisadi layihə deyil. Bu, Qərbin özünə düşmən bildiyi tərəflər üçün hazırladığı izolyasiya strategiyasıdır.
İranın Azərbaycana qarşı sərt ritorikası və gərgin davranışı da bu kontekstdə daha aydın görünür. Çünki Azərbaycan təkcə coğrafi mövqe deyil. Bu, alternativ modeldir. Dünyəvi şiə dövləti modeli Tehranın ideoloji əsaslarını sarsıdır.
Digər tərəfdən, Rusiya da regiondakı mövqelərini itirir. Ukrayna müharibəsi ilə zəifləyən Moskva artıq Cənubi Qafqazda əvvəlki kimi dominant deyil. Bu boşluğu isə ABŞ doldurmağa çalışır.
Bu yanaşma təkcə The Hill ilə məhdudlaşmır. Qərb analitik mərkəzlərində və nüfuzlu media platformalarında eyni xətt açıq şəkildə müşahidə olunur.
European Policy Centre qeyd edir ki, ABŞ regionda öz təsirini genişləndirməyə və gücləndirməyə çalışır:
“Washington… advancing and projecting US influence”. (“Vaşinqton regionda öz təsirini genişləndirir və gücləndirir”.)
Bu, artıq klassik vasitəçilikdən fərqli olaraq, geosiyasi mövqelərin sistemli şəkildə genişləndirilməsi deməkdir.
Carnegie Endowment isə daha açıq şəkildə vurğulayır ki, regionda yeni liderlik formalaşır və bu prosesdə ABŞ önə çıxır: “The United States is leading the charge”. (“Regionda liderliyi artıq ABŞ öz üzərinə götürür”.)
Bu isə o deməkdir ki, Cənubi Qafqazda güc balansı dəyişir və ABŞ bu boşluğu aktiv şəkildə doldurur.
Eyni zamanda, digər analitik yanaşmalar göstərir ki, Qərbin regiondakı siyasəti daha geniş strateji məqsədlərlə bağlıdır.
Carnegie Endowment qeyd edir ki, Rusiya və Çin İranın əsas tərəfdaşlarıdır və bu blokun mövcudluğu Qərb üçün ciddi geosiyasi çağırış yaradır: “Russia and China are indisputably Iran’s two biggest partners.” (“Rusiya və Çin şübhəsiz ki, İranın ən böyük tərəfdaşlarıdır”.)
Bu kontekstdə Qərbin siyasəti faktiki olaraq bu güclərin təsirini balanslaşdırmağa və zəiflətməyə yönəlir.
Reuters isə regionda planlaşdırılan nəqliyyat marşrutları ilə bağlı daha konkret yanaşmanı ortaya qoyur: “We’ll take it over… on a hundred-year lease.” (“Biz bu dəhlizi 100 illik icarəyə götürəcəyik”.)
Bu isə artıq vasitəçilik yox, uzunmüddətli nəzarət modelinə işarə edir.
The Guardian isə nəticəni açıq şəkildə ifadə edir: “The deal sidelines Iran and Russia.” (“Bu razılaşma İran və Rusiyanı kənarda qoyur”.)
Beləliklə, fərqli mənbələrdən gələn bu sitatlar eyni strateji xətti təsdiqləyir. ABŞ regiona sadəcə Azərbaycanla Ermənistan arasında sülh qurmaq üçün daxil olmur. ABŞ regionda yeni geosiyasi düzən qurur. Və bu düzənin mərkəzində Azərbaycan dayanır.
Bu artıq seçim mərhələsidir. Azərbaycan ya bu yeni geosiyasi düzənin passiv elementi olacaq, ya da öz maraqlarını diktə edən aktora çevriləcək. Əks halda böyük güclərin qurduğu oyunda yer almaq mümkün olsa da, oyunun qaydalarını müəyyən etmək mümkün olmayacaq. Geosiyasət isə boşluq tanımır. Orada ya sən yazırsan, ya da səni yazırlar.
Məndə isə belə bir əminlik var ki, Azərbaycan öz maraqlarını diktə edən aktora çevriləcək. Xüsusən Güney Azərbaycan məsələsində…
Elbəyi Həsənli, Sürix