Azər Badamov: Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur
Siyasət
196
19 Mar 2026 | 23:50

Azər Badamov: Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur

Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat deyib ki, sosial müdafiəsi daha düzgün təmin olunmuş dövlət qulluğu sistemi şəffaf fəaliyyət göstərər: “Biz son zamanlar ölkədə struktur və institusional islahatların davamlı şəkildə aparıldığını və mütəmadi olaraq təkmilləşdirmələrin edilməsinin effektivliyini müşahidə edirik. Son vaxtlar aparılan dövlət siyasəti şəffaflığın artırılmasına və korrupsiyaya sövq edən amillərin aradan qaldırılmasına hesablanıb. Bu baxımdan dövlət başçımızın imzaladığı qanunvericilik aktları dövlət qulluğu sahəsində ədalətli bir sistemin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan son sərəncamla təsdiq olunmuş qanun da dövlət qulluğu sahəsində ədalətliliyin təmin olunmasına, özəl sektorla rəqabətli əməkhaqqı sisteminin formalaşdırılmasına imkan verəcək. Bu da dövlət qulluğu sahəsindən özəl sektora kadr axınının azalmasına, o cümlədən gənc, peşəkar və bacarıqlı kadrların dövlət qulluğu sisteminə cəlb olunmasının stimullaşdırılmasına töhfə verəcək”.

Azər Badamov qeyd edib ki, qanunda vahid vəzifə maaşı sisteminə keçidin təmin olunması və əməkhaqqına əlavə olunan bonusların və əlavələrin ləğv edilməsi nəzərdə tutulur: “Mükafat və əlavələrin mövcudluğu əməkhaqlarında disproporsiya yaratmaqla yüksək dərəcəli dövlət qulluğu məmuru ilə aşağı dərəcəli vəzifəli dövlət qulluqçusunun əməkhaqları arasında böyük fərqlərin əmələ gəlməsinə yol açmışdı. Amma son qüvvəyə minmiş qanunla bu disproporsiya aradan qaldırılır və dövlət qulluğu vəzifələrinin dərəcələrinə görə müəyyən olunmuş vahid əməkhaqqı sistemi tətbiq olunur. Bu da aşağı dərəcəli dövlət qulluğu vəzifələrinin sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcək. Beləliklə, deyə bilərik ki, sosial müdafiəsi düzgün təmin olunmuş dövlət qulluqçusunun fəaliyyəti korrupsiya əməllərindən müəyyən qədər uzaq olacaq. Bu, həm də dövlət qulluğu sistemində əməkhaqqı fondunun daha dəqiq proqnozlaşdırılmasına imkan verəcək. Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların məntiqi davamıdır. Bu dəyişikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir və təkmil əsaslarla yenidən qurulmasına, vahid struktur üzərində optimal, balanslı və sabit modelin formalaşdırılmasına xidmət edir. Bu, dövlət qulluğu sisteminin səmərəliliyinin artırılması, idarəetmədə çevikliyin gücləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Link kopyalandı!
Son xəbərlər