Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Siyasət
266
19:20, Bu gün

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sistemi təkmilləşdirilib.

Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmanla dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddi aşağıdakı qaydada müəyyən edilib:

- tabeliyi olmayan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə "Dövlət qulluğu haqqında" qanunun 8.1.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarında analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90%-i həcmində;

- dövlət orqanlarının və bu Fərmanın 1.1-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə "Dövlət qulluğu haqqında" qanunun 8.1.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90%-i həcmində;

- bu Fərmanın 1.2-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə (rəhbər və müavin vəzifələri istisna olmaqla) münasibətdə "Dövlət qulluğu haqqında" qanunun 8.1.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90%-i həcmində.

Nazirlər Kabineti üç ay müddətində bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.

Link kopyalandı!
Son xəbərlər