Əziz həmvətənlər!
Azərbaycan Demokrat Partiyası olaraq Sizi xalqımızın milli və mənəvi dəyərlərini özündə birləşdirən iki böyük bayram - baharın gəlişini, yenilənməni və həyatın dirçəlişini simvolizə edən Novruz Bayramı, həmçinin mənəvi saflığın, mərhəmətin və paylaşmanın rəmzi olan müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirik!
Bu il xalqımız üçün əziz olan iki bayramın eyni günə təsadüf etməsini xoş və rəmzi bir təsadüf kimi qiymətləndiririk. Bu nadir uyğunluq Azərbaycan xalqının həm milli köklərinə, həm də dini-mənəvi dəyərlərinə sadiqliyinin, bu dəyərlərin bir-biri ilə vəhdətdə yaşadılmasının parlaq ifadəsidir. Bu, eyni zamanda xalqımızın tarix boyu formalaşmış tolerantlıq, qarşılıqlı hörmət və birlik ənənələrinin təcəssümüdür.
Novruz Bayramı minilliklərin sınağından çıxmış, xalqımızın yaddaşında özünəməxsus yer tutmuş ən qədim bayramlarımızdan biridir. O, təbiətin oyanışını, həyatın yenilənməsini, ümidin və gələcəyə inamın bərpasını simvolizə edir. Ramazan bayramı isə müqəddəs orucluq ayının tamamlanmasının sevincini yaşadan, insanları mərhəmətə, şəfqətə, ehtiyacı olanlara əl uzatmağa çağıran müqəddəs bir gündür. Bu iki bayramın eyni gündə qeyd olunması həm mənəvi, həm də ictimai baxımdan dərin məzmun daşıyır və hər birimizi daha da yaxınlaşdırır.
Bu gün dünya mürəkkəb və ziddiyyətli bir mərhələdən keçir. Yaşadığımız regionda baş verən qanlı münaqişələr, müharibələr və humanitar böhranlar bütün bölgənin təhlükəsizliyinə və sabitliyinə ciddi təhdidlər yaradır. Belə bir şəraitdə Azərbaycan xalqının əmin-amanlıq, sabitlik və firavanlıq içində yaşaması xüsusi əhəmiyyət daşıyır. Arzu edirik ki, bu müqəddəs və əziz bayram günləri xalqımıza sülh, rifah, ruzi-bərəkət və mənəvi rahatlıq bəxş etsin.
Eyni zamanda hesab edirik ki, belə həssas və mürəkkəb dövrlərdə milli birliyimizin qorunub saxlanması, həmrəyliyimizin daha da möhkəmləndirilməsi həyati əhəmiyyət kəsb edir. Azərbaycan xalqının gücü onun birliyində, milli və dini dəyərlərinə sədaqətində, qarşılıqlı dəstək və həmrəylik ruhundadır.
Azərbaycan Demokrat Partiyası olaraq hesab edirik ki, xalqımızın əsrlər boyu formalaşmış milli və dini adət-ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur. Bu dəyərlər bizim milli kimliyimizin əsas sütunlarıdır və onların yaşadılması dövlətimizin və cəmiyyətimizin davamlı inkişafının mühüm şərtidir.
Bu əlamətdar günlər münasibətilə bütün həmvətənlərimizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə möhkəm cansağlığı, xoşbəxtlik, bolluq və firavanlıq arzulayırıq. Qoy bu bayramlar hər bir evə sevinc, ümid və işıqlı sabahlar gətirsin!
Allah, orucunuzu qəbul etsin, niyyətlərinizə çatdırsın!
Allah, millətimizə yardımçı olsun, dövlətimizi hifz etsin!
Bayramlarınız mübarək!