Milli Məclisin plenar iclası keçirildi - FOTO
Siyasət
135
18:03, Bu gün

Milli Məclisin plenar iclası keçirildi - FOTO

 

Martın 17-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib. Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov gündəmdə olan bəzi məsələlərə dair öz fikirlərini bölüşüblər.

Deputatlar bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin uğurla davam etdirilməsini, bununla yanaşı bu torpaqlarda milli-mənəvi dəyərlərimizin və ənənələrimizin də bərpasını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bütün bu nailiyyətlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin uğurla davam etdirdiyi qətiyyətli siyasət, prinsipial mövqe, xalqımızın birliyi nəticəsində əldə edilib. Qeyd olunub ki, işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biridir və ölkə Prezidentinin bu prosesə dövlət siyasəti və uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi yanaşması nəticəsində qayıdış zonasında infrastrukturun ən müasir səviyyədə yenidən qurulması, sosial obyektlərin fəaliyyətinin keyfiyyətli şəkildə təşkili öz yurdlarına qayıdan köçkünlərin sürətli adaptasiyasına imkan verir.

Çıxışlarda dövlətimizin beynəlxalq tədbirlərdə özünün işğala son qoymaq və sülh yaratmaq təcrübəsini bölüşdüyü diqqətə çatdırılaraq, bu gün dünyada mövcud olan qlobal problemlərin həlli baxımdan ötən həftə keçirilmiş  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumunun mühüm əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin yeni səviyyəyə yüksəldiyini deyən millət vəkilləri, ölkəmizlə enerji sahəsində əməkdaşlığın Avropa İttifaqı üçün Azərbaycanın nə qədər əhəmiyyətli tərəfdaş olduğunu göstərən amillərdən biri olduğunu bildiriblər.

Deputatlar, habelə süni intellekt vasitəsilə yayılan informasiya və dezinformasiyaların cəmiyyətlərə təsirindən danışaraq, hazırda regionda baş verən hadisələr fonunda informasiya müharibəsinin daha da genişləndiyini qeyd edərək bu sahədə təhlükəsizliyin təmin edilməsinin, bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar.

Müzakirələrdə, həmçinin əlillik təyinatı ilə bağlı, xüsusilə  müharibə veteranlarının əlillik dərəcəsinin müəyyən edilməsi sahəsində mövcud vəziyyətlə bağlı fikirlər və bəzi təkliflər səsləndirilib. Vurğulanıb ki, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi və rifahının daha da yaxşılaşdırılması prinsipi dayanır. Son illər ölkə iqtisadiyyatında aparılan islahatların, eyni zamanda, sosial göstəricilərə müsbət təsir göstərdiyi bildirilib.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini söyləyib. O, birinci məsələnin “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb. Spiker qeyd edib ki, layihə beynəlxalq sənədlə bağlı olduğuna görə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.

Məsələ barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” 13 oktyabr 2023-cü ildə Bişkek şəhərində imzalanıb. Protokola əsasən, adı çəkilən Əsasnaməyə bir neçə dəyişiklik edilib. Bunlar Əsasnamənin Müstəqil Dövlətlər Birliyinin vahid daimi icra, inzibati və əlaqələndirici orqanı olan İcraiyyə Komitəsinin fəaliyyətinin və funksiyalarının əsas istiqamətlərinə dair müxtəlif dəyişikliklərdir. O, qeyd edib ki, Azərbaycan Respublikası bu Protokola dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin səlahiyyətlərini istisna edən qeyd şərtlə qoşulur.

Məsələ ilə bağlı deputat Qüdrət Həsənquliyev bəzi qeydlərini açıqlayıb. Komitə sədri Səməd Seyidov səsləndirilən fikirlərə münasibət bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. O, qeyd edib ki, inzibati icraat proseslərinin elektronlaşdırılması, dövlət informasiya sistemlərinin geniş tətbiqi nəticəsində bəzi inzibati xətalar haqqında qərarların kağız daşıyıcıda tərtib edilməsi və surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmasına zərurət qalmayıb. Hazırda inzibati xətalar haqqında məlumatların elektron informasiya sistemləri vasitəsi ilə qeydiyyatı və şəxslərə çatdırılması təmin edildiyindən, bu prosedurun saxlanılması praktiki əhəmiyyət daşımır və onun qanunvericilikdən çıxarılması hüquqi münasibətlərin sadələşdirilməsinə və inzibati icraatın daha səmərəli təşkilinə xidmət edir. Bildirilib ki, layihədə bəzi texniki dəyişikliklər də nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova növbəti 2 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. O, birinci və ikinci oxunuşlarda sənədlə bağlı geniş məlumatın təqdim edildiyini, qaldırılan məsələlərin qanunvericilik subyekti ilə müzakirə edildiyini bildirib. Sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib

Qanuna təklif olunan dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyətini  diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, dəyişikliklərin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesini daha səmərəli təşkil etmək və mövcud çətinlikləri aradan qaldırmaqdır. Layihədə qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunur. O, sənədə dair əlavə rəy və təkliflərin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker gündəliyin növbəti 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

 İclasda Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, bildirib ki, qanun layihəsinə əsasən Mədəniyyət Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsi ilə qiymətləndiriləcək. Qeyd olunub ki, sertifikasiya imtahanının tətbiqi qiymətləndirilmə prosesinin şəffaflığının və obyektivliyinin artırılmasına, nəticələrin etibarlılığının təmin edilməsinə xidmət edəcək.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova layihə barədə bu komitənin rəyini açıqlayaraq qeyd edib ki, təklif olunan dəyişikliklər yalnız qiymətləndirmə prosedurunun yenilənməsi deyil, eyni zamanda, təhsil sistemində şəffaflığın, sosial ədalətin və ictimai etimadın gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Deputat məsələyə təmsil etdiyi komitə tərəfindən müsbət rəy verildiyini söyləyib.

Layihə barədə deputat Vüqar Bayramov öz fikir və təkliflərini səsləndirib. İclasda iştirak edən mədəniyyət nazirinin müavini Səadət Yusifova deputatın fikirlərinə münasibət bildirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən  (ikinci oxunuş) bəhs edib. O, rəhbərlik etdiyi komitənin Mədəniyyət Nazirliyinin təmsilçilərinin iştirakı ilə keçirilmiş iclasında layihənin geniş müzakirə edildiyini, bəzi təkliflərin səsləndirildiyini bildirib və sənədin səsə qoyulmasını xahiş edib.

Layihədə nəzərdə tutulan dəyişikliklərdə “mədəni və yaradıcı sənaye” anlayışı təsbit olunur və Qanunun ayrı-ayrı maddələrində “mədəniyyət sənayesi” sözləri “mədəni və yaradıcı sənaye” sözləri ilə əvəz edilir. Bununla yanaşı, Qanuna əlavə edilməsi təklif olunan yeni 45.4-cü maddədə mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsinin “Qrant haqqında” Qanuna uyğun olaraq həyata keçirilməsi təsbit edilir.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar Hikmət Məmmədov, Mehriban Vəliyeva, Aydın Hüseynov, Gülşən Paşayeva, Elçin Mirzəbəyli, Tahir Mirkişili, Fəzail İbrahimli layihə ilə bağlı öz qeyd və təkliflərini səsləndiriblər. Mədəniyyət nazirinin müavini Səadət Yusifova qaldırılan məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin qalan 3 məsələsinin birinci oxunuşda təqdim olunan qanun layihələri olduğunu bildirib.

Gündəliyin yeddinci məsələsi – Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Məruzəçi qeyd edib ki, təqdim olunan layihə dövlət büdcəsi, məqsədli büdcə fondları və büdcədənkənar dövlət fondlarından ayrılan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə məsuliyyət mexanizminin təkmilləşdirilməsini, sanksiyaların fərdiləşdirilməsini və hüquqi tənzimləmənin dəqiqləşdirilməsini nəzərdə tutur.

Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanları, eləcə də layihədə anlayışı verilən hüquqi şəxslər tərəfindən vəsaitlərin təyinatından kənar istifadəsi 50 min manata qədər olduqda inzibati xəta hesab ediləcək. Bu məbləğdən yuxarı, yəni xeyli miqdarda törədildikdə isə həmin əməllər cinayət məsuliyyəti yaradacaq. Həmçinin Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin adına “dövlətə məxsus olan hüquqi şəxslərin” sözlərinin əlavə edilməsi ilə həmin qurumlara ayrılan vəsaitlərin də təyinatından kənar istifadəsinin sanksiyalaşdırılması nəzərdə tutulub.

Əminə Ağazadə qeyd edib ki,  son illərdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan institusional islahatlar və normativ tənzimləmənin təkmilləşdirilməsi fonunda dövlətə məxsus hüquqi şəxslərin və publik hüquqi şəxslərin dairəsi kifayət qədər genişlənib. Bununla belə son illərdə dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı yeni reallıqlar formalaşıb. Bu baxımdan, təqdim edilən qanun layihəsi mövcud hüquqi tənzimləməni yenilənmiş institusional mühitə uyğunlaşdırmaqla, dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinə görə məsuliyyət mexanizmini daha sistemli və əhatəli şəkildə müəyyən etməyə xidmət edir.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərdə cərimələrin sabit məbləğlə deyil, vurulmuş zərərə uyğun – təyinatından kənar istifadə edilən vəsaitin tam həcmində müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə sanksiyalar sərtləşdirilərək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq edilən tədbirlər sırasına daxil edilir.

Bildirilib ki, bundan başqa bu əməli ilk dəfə törədən şəxsin vurduğu ziyanı tam ödədiyi halda məsuliyyətdən azad olunmasının nəzərdə tutulması isə cəza siyasətində dövlətin humanizm prinsipinin gücləndirilməsinə xidmət edir.

Layihənin müzakirəsində  deputatlar Vüqar Bayramov və  Aydın Hüseynov çıxış ediblər, qeydlərini və fikirlərini bildiriblər. Layihə üzrə məruzəçi Əminə Ağazadə deputatların fikirlərinə münasibət bildirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Növbəti məsələni -  Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Kamal Cəfərov təqdim edib.

Kamal Cəfərov bildirib ki, süni intellekt idarəçiliyinin ən mühüm komponenti ondan etik dəyərlər çərçivəsində məsuliyyətlə istifadənin təmin edilməsi və hüquqi tənzimlənməsidir.

Məhz bu gün müzakirə etdiyimiz məsələ ilə bağlı Avropa İttifaqı tərəfindən 2025-ci ildə Süni İntellekt Aktı qəbul edilib. Həmin aktın 50-ci maddəsində süni intellektdən məsuliyyətli istifadənin dəqiq normaları müəyyən edilib. Ölkəmizdə də 2025-ci ildə süni intellekt sahəsində milli strategiya qəbul edilib. Bu qanun layihəsi də beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyasının 8.1.3-cü bəndinin icrası məqsədilə hazırlanıb.

Bildirilib ki, süni intellektdən etik dəyərlər çərçivəsində, məsuliyyətlə istifadəni təmin etmək üçün, vətəndaşlarımızın konstitusion hüquq və azadlıqlarını qorumaq üçün aydın qaydalar və normalarla bağlı müvafiq normativ hüquqi baza yaradılır. Bu məqsədlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni 148-2 və 242-1-ci maddələrin əlavə edilməsi təklif olunur.

Belə ki, Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə, süni intellekt texnologiyaları ilə reallığı əks etdirməyən materialları hazırlayan və ya yayan şəxslər 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əgər bu əməllər qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə və ya iki və daha çox şəxsə qarşı törədildikdə, o cümlədən şəxsin şərəf və ləyaqəti ləkələmək məqsədilə törədildikdə və ya zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədilərsə, cəza 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə olacaq.

Eyni texnologiyalarla pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnəcək.

Paralel olaraq, Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə təklif edilən dəyişikliklə məhz 148-2.1-ci maddə üzrə zərərçəkmiş şəxsin şikayəti olmadan belə, xüsusi hallarda prokurorluq orqanları tərəfindən müstəqil formada cinayət təqibi başlana bilər. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib, layihədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara təklif olunan dəyişikliklər barədə danışıb.

Komitə sədri bildirib ki, Azərbaycanda süni intellekt strategiyası formalaşdırılır və bu sahədə institusional addımlar atılır və beynəlxalq təcrübəyə uyğun hüquqi baza yaradır. Müzakirəyə təqdim olunan qanun layihəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və  “Media haqqında” qanunlara təklif edilən dəyişikliklərdə süni intellekt vasitəsilə hazırlanmış saxta foto, video və audio materialların yayımını, xüsusilə şəxsin razılığı olmadan istifadəsini məhdudlaşdırmağa yönəlib. Qeyd olunub ki, əsas məqsəd  vətəndaşların hüquq və azadlıqların qorunmasıdır. Başqa sözlə, layihə süni intellektin tətbiqini məhdudlaşdırmağa deyil, yalnız hüquq pozuntularına səbəb olan halları tənzimləməyə yönəlib. Yəni, süni intellektdən istifadə etməklə qanunla qadağan edilməyən yaradıcılıq azadlığına məhdudiyyətlər qoyulmur.

Layihənin müzakirəsində komitə sədri Əli Hüseynli, deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Kamal Cəfərov məlumat verib.

Kamal Cəfərov bildirib ki, layihədə bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunub. İstiqamətlərin biri dövlət maliyyəsinə nəzarət və elektronlaşma ilə bağlıdır.

Dövlət büdəcsindən və ya büdcədənkənar fondlardan maliyyələşən təşkilatların əhatə dairəsi genişləndirlir, həm də  maliyyə qaydalarının pozulmasına görə cərimələr əvvəlki kimi sabit məbləğlərlə deyil, bilavasitə inzibati xətanın obyekti olmuş vəsaitin 100 faizi məbləğində müəyyən ediləcək.

Məruzəçinin sözlərinə görə, əvvəlki təcrübədə sabit məbləğli cərimələr  böyük məbləğli maliyyə pozuntuları üçün adekvat deyildi və çəkindirici xarakter daşımırdı. Həm də qanunvericliyimizdə cərimənin vurulmuş ziyana proporsional həddə müəyyən edilməsi təcrübəsi mövcuddur.

Dəyişikliklərin digər istiqaməti  uşaq hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlıdır. Məruzəçi bildirib ki, bu yaxınlarda qəbul olunmuş "Uşaq hüquqları haqqında" Qanunun  tələblərindən irəli gələrək İnzibati Xətalar Məcəlləsinə 3 yeni maddənin əlavə edilməsi təklif olunur.

Təhsil, tibb, mədəniyyət, sosial xidmət, penitensiar müəssisələrinin işçiləri və ya valideynlər tərəfindən uşaqda zorakılıq əlamətləri aşkar edildikdə bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməməsinə görə həm fiziki şəxslər, həm vəzifəli şəxslər üçün cərimələr müəyyən edilir. Eyni zamanda müvafiq müəssisələrdə uşaqlar arasında davamlı təzyiqin və aqressiv davranışın qarşısının alınmamasına görə də cərimələr nəzərdə tutulur. Valideynlər və müvafiq işçilər tərəfindən tərbiyə məqsədilə uşağa qarşı cismani cəzanın, yəni fiziki və psixoloji zorakılığın tətbiq edilməsinə görə də cərimə müəyyən edilir.

Başqa bir istiqamət süni intellektdən etik çərçivələr və məsuliyyətlə istifadə ilə bağlıdır. Süni intellekt vasitəsilə hazırlanan və kütləvi nümayiş etdirilən materialların nişanlanmadan yayılmasına, paylaşılmasına görə inzibati məsuliyyət tətbiq olunacaq.

Həmçinin layihədə müxtəlif istiqamətlər üzrə digər zəruri dəyişikliklər də təklif olunur. Belə ki, yeni qəbul olunan “Uşaq hüquqları haqqında” Qanunun tələblərindən irəli gələrək, dilənçiliklə məşğul olma əməli avaralıq anlayışından ayrılır və uşaqların dilənçiliyə cəlb edilməsinə görə məsuliyyət müəyyən edilir. Bundan başqa “Xüsusi icra məmurları haqında” yeni Qanuna əsasən, and içmədən xüsusi icra məmuru fəaliyyəti göstərmək, xüsusi geyim formasını qanunsuz daşımaq kimi əməllərə görə yeni məsuliyyət tədbirləri müəyyənləşdirilir. Sonuncu zəruri dəyişiklik isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı təkmilləşdirmələri nəzərdə tutur.

Müzakirədə komitə sədri Hicran Hüseynova, deputatlar Nigar Arpadarai, Bəhruz Məhərrəmov, Günay Ağamalı çıxış ediblər qeydlərini və fikirlərini səsləndiriblər. Layihə üzrə məruzəçi Kamal Cəfərov müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, bir neçə gündən sonra da xalqımız Novruz və Ramazan bayramlarını qeyd edəcək. O, deyib ki, xalqımızın milli-mənəvi dəyərləri arasında mühüm yeri olan Novruz yenilik və bolluq bayramıdır. Ülvi duyğuların daşıyıcısı olan Ramazan bayramı isə xeyirxahlığı və  həmrəyliyi  təcəssüm etdirir.

Spiker təklif edib ki, bu gözəl bayramlar  münasibəti ilə möhtərəm cənab  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sahibə Qafarova qarşıdan gələn bayramlar münasibəti ilə deputatları, həmçinin iclası izləyən media nümayəndələrini səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, firavanlıq və xoşbəxtlik arzulayıb.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

 

Link kopyalandı!
Son xəbərlər