Ombudsman Vardanyanın böhtanlarına cavab verdi
Siyasət
137
20:40, Bu gün

Ombudsman Vardanyanın böhtanlarına cavab verdi

Ermənistan mediası Ruben Vardanyanın Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışdığını, lakin telefon danışığının kəsildiyi barədə material yayıb. Vardanyanın ailə üzvlərinə istinadla hazırlanan yazıda digər böhtanlar da yer alır.

Moderator.az xəbər verir ki, Musavat.com bu iddialarla əlaqədar Ombudsman Aparatına müraciət edib. Sorğuya verilən cavabda bildirilir:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun üzvləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilərək məhkum olunmuş erməniəsilli şəxslərin, o cümlədən Ruben Karlenoviç Vardanyanın saxlanıldığı müəssisədə onlarla rəftar və saxlanma şəraitinin beynəlxalq standartlara uyğunluğu vəziyyətinin müəyyən olunması ilə bağlı başçəkmələr həyata keçirib. Həmin başçəkmələrin yekunları ilə bağlı hazırlanmış məlumatlar Ombudsmanın rəsmi saytında, sosial şəbəkə hesablarında və mediada geniş işıqlandırılıb.

Qeyd olunmalıdır ki, bütün istintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam təmin edilib. Onların vəkillə təmin olunması, müdafiə mövqeyini hazırlaması və məhkəmə prosesində iştirak imkanları qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təmin edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları məhkəmə proseslərində iştirak edərək təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmini vəziyyətini bilavasitə müşahidə ediblər".

Qurumun cavab reaksiyasında daha sonra qeyd olunur:

"Bununla yanaşı, Ombudsman Səbinə Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən təqsirləndirilən erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla bir neçə dəfə konfidensial görüşlər keçirilib, onların saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib. Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib, şəxsin fundamental hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb. Ombudsman Aparatının əməkdaşları tərəfindən həyata keçirilən başçəkmələrdə təqsirləndirilən erməniəsilli şəxslərə, o cümlədən Ruben Vardanyana öz ana dilində hüquqları izah edilib, Milli Preventiv Qrupun (MPQ) həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim edilib. Milli Preventiv Qrupun ixtisasca həkim və psixoloq üzvünün də iştirak etdiyi başçəkmələr zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən Ruben Vardanyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını bildirərək qəbula görə Ombudsmana təşəkkür ediblər. Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib".

Həmçinin vurğulanır ki, R.Vardanyanın hüquqlarının müdafiəsi ilə bağlı özünün və vəkilinin müraciətləri də Ombudsmanın səlahiyyətləri çərçivəsində araşdırılıb və cavablandırılıb. Ombudsmanın "916" Çağrı Mərkəzinə R.Vardanyan tərəfindən edilmiş zəng də qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər