Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xarici siyasət məsələləri üzrə müşaviri Abdulaziz Kamilov XIII Qlobal Bakı Forumunun kuluarlarında bildirib ki, ölkəsi Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləməyə hazır olan ölkələr sırasındadır.
Moderator.az xəbər verir ki, bu barədə News.ru məlumat yayıb.
Onun sözlərinə görə, bu marşrutların inteqrasiyası regionun həm iqtisadi, həm də nəqliyyat-logistika təhlükəsizliyini təmin edəcək şaxələndirilmiş sistemin formalaşmasına imkan verəcək.
A.Kamilov qeyd edib ki, Özbəkistan layihəni yalnız təhlükəsizliyin təmin olunması aləti kimi deyil, həm də regional tərəfdaşların rəqabət qabiliyyətini artırmaq üçün strateji şərt kimi qiymətləndirir.
"Biz Şərqi Asiya, Yaxın Şərq və Avropa ölkələri arasında əlaqəliliyi təmin edən nəqliyyat marşrutlarını əhatə edən çoxsəviyyəli tərəfdaşlıq sisteminin yaradılmasının tərəfdarıyıq", - deyə o bildirib.
Qeyd edək ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisini Ermənistanın cənubu vasitəsilə Naxçıvanla birləşdirməli olan nəqliyyat yoludur. Dəhliz, həmçinin Azərbaycanla Türkiyə arasında birbaşa əlaqəni nəzərdə tutur.