Öz axarına buraxılması təhlükəli olan proseslər - TƏHLİL
Siyasət
248
19:25, Bu gün

Öz axarına buraxılması təhlükəli olan proseslər - TƏHLİL

Bu günlərdə paytaxt Bakı növbəti dəfə aktual siyasi məsələlərin müzakirəsi təşkil olunan mühüm beynəlxalq platformaya çevrildi. Son dövrdə mətbuatda tez-tez rastlaşdığımız oxşar cümlələrə alışmaq əsla olmaz. Əksinə, bu cür hadisələri layiqincə dəyərləndirmək lazımdır. Doğma məmləkətimizdə mühüm beynəlxalq tədbirlərin keçirilməsi faktının mahiyyətini məqsədyönlü şəkildə kiçildənlər, böyük həyata hazırlaşan tələbəyə “neynirsən oxumağı, nə mənası var” deyib onun gələcəyi ilə oynayan məsuliyyətsiz və qərəzli insanlara bənzəyirlər. Əlbəttə ki, bu cür davranışın sağlam niyyəti ola bilməz.
Belə ki, 12 mart tarixində işə başlamış “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” adlı XIII Qlobal Bakı Forumu da bəhs etdiyimiz həmin mühüm beynəlxalq tədbirlərdən biridir. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edən zaman beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajları səsləndirmiş və konkret sahələr qarşısında strateji vəzifələri müəyyən etmişdir.
Beynəlxalq ictimaiyyətə yönəlmiş mesajlarda da daxili siyasətin strateji prioritetlərini görə bilirik. Bu mənada əlbəttə ki, dövlət başçısı tərəfindən beynəlxalq platformanın tribunasından səsləndirilmiş hər bir fikir təhlil olunmalı, ictimailəşdirilməli və müəyyən olunmuş vəzifələrin icra mexanizmləri ilə bağlı konkret layihələr hazırlanmalıdır. Bu cür məqamlarda cəmiyyətin peşəkar və fəal kəsiminin üzərinə xüsusi məsuliyyət düşür. Mühüm beynəlxalq tədbirlərin müzakirə və dəyərləndirilməsini nəzarətsiz sosial şəbəkə “qəhrəmanlarının” öhdəsinə buraxmaq bağışlanmaz davranışdır.
Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbir sadəcə müasir tariximizin ayrılmaz hissəsi deyil. Qlobal problemlərin müzakirəsinə həsr olunan bu layihələr həm də gələcək nəsillərə qalacaq milli siyasi irsimizin parçasıdır. Siyasi tədbirlərin təşkili və onların təhlili prosesinə mütləq olaraq mövcud kontekstdə də yanaşmaq lazımdır. Hər bir məsuliyyətli vətəndaş gələcək nəsillər qarşısında daşıdığı bu öhdəliyi duymalıdır. Obyektiv və dövlətin maraqlarını qoruyan peşəkar informasiya ümumi məlumat kütləsinin içində itirsə, həqiqət təhrif olunursa, qərəzli yozumlar üstünlük təşkil edirsə, emosiyalar çaşqınlıq yaradırsa və sıravi vətəndaş informasiya mənbələrinə etibar etmirsə, deməli təbliğat sistemində çətinliklər yaşanır. İnformasiya mənbələrinin sayının sürətlə artdığı müasir dövrdə obyektiv və subyektiv səbəblərdən yaranan bəhs etdiyimiz mənzərə analitikanın əhəmiyyətini xüsusi olaraq aktuallaşdırır.
Qeyd olunanlar kontekstində adını çəkdiyimiz tədbir çərçivəsində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sadəcə bir neçə mühüm fikri burada bir daha qeyd edək: “Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”; “Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir.”; “Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.”
Beləliklə, Prezident, milli ideologiyamızın fəlsəfi mahiyyətini və qonşu ölkə ilə münasibətlər sisteminin mütləq prioritetini müəyyən edən strateji amil kimi məhz “sülh” məfhumuna işarə edir. Bununla da deyə bilərik ki, Prezident İlham Əliyev milli ideologiya sahəsində dövlət və cəmiyyət qarşısında strateji vəzifələri müəyyən etmiş oldu. Odur ki, sıra, bu cür vəzifələrin icrasını təmin etmək üçün istifadə oluna biləcək konkret ideoloji alət və metodların hazırlanmasındadır. Yeri gəlmişkən, onu da xatırladaq ki, Prezidentin milli ideologiya ilə bağlı cəmiyyətə yönəlmiş açıq ismarışları bundan öncə də dəfələrlə olmuşdur. Bəs dövlətin konkret sifarişi olduğu halda bu işlə kim məşğul olmalıdır?
Sözsüz ki, bu cür prosesləri öz axarına buraxmaq qəti olmaz. Müstəqilliyin ilk illərində mövcud müstəvidə buraxılmış səhvlərin bədəli çox ağır olmuşdur. Məhz həmin illərdə müstəqillik duyğusu və suverenlik ətri Azərbaycan xalqından oğurlanmışdır. Həmin dövrdə yaranmış ideoloji boşluğu bəzi siyasətciklər cahillikdən ucuz və məsuliyyətsiz demaqogiya ilə doldurmağa çalışırdılar. Populist şüar və ucuz vədlər arxasında gizlənən demaqoqlar sadəcə öz maniakal ambisiyalarının ödəməsi ilə məşğul idilər. Bunun nəticəsində millət daha da qaranlıq mühitə sürüklənirdi. Müəyyən sahələrdə isə proses hətta iltihab səviyyəyə qədər inkişaf etmişdir. Etiraf etməliyik ki, vətəndaş cəmiyyəti institutları və siyasi partiyalar da həmin iltihaba düçar olmuşdular.
Məhz bu səbəbdən Azərbaycan ictimaiyyəti müasir dövrdə siyasi partiya və QHT sektorunda aparılan intensiv islahatlara şahidlik edir. Fəaliyyətin təyinatı və məzmunu ifrat dərəcədə təhrif olunmuş, habelə xarici qüvvələrin əllərində təxribat və təzyiq alətinə çevrilmiş bəzi QHT və partiyalar real təhdid mənbəyinə çevrilmişdir. Müasir tariximiz sözügedən mülahizəni təsdiq edir. Bu mənada bilavasitə dövlət başçısının təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühiti sözügedən iltihabın daha da dərinləşməsinin qarşısını aldı. Siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları xalqın rifahı naminə mövcud resurs və potensialının səfərbər olunmasına xidmət edən işlək demokratik mexanizmə çevrildi.
Daha bir önəmli strateji vəzifə Prezident İlham Əliyevin “Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”, “... biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik” və “Azərbaycan sülhsevər ölkədir” kimi mühüm mesajlarının Ermənistan cəmiyyətində doğru-düzgün təşviq olunmasından ibarətdir. Yenə də “bu işlə kim məşğul olmalıdır?” sualına cavab axtaran zaman biz təkrar olaraq siyasi partiya, vətəndaş cəmiyyəti institutlarının üzərinə çıxmış oluruq. Əlbəttə ki, bu işin flaqmanı Qərbi Azərbaycan İcması olmalıdır. Beləliklə, biz beynəlxalq protokolların gündəliyinə “Qərbi Azərbaycan” mövzusunu çıxardan Prezident İlham Əliyevin növbəti dəfə strateji istedadına şahidlik edirik.


Politoloq Asif Adil

Link kopyalandı!
Son xəbərlər