Spiker baş nazirin hesabatından danışdı
Siyasət
159
13:35, Bu gün

Spiker baş nazirin hesabatından danışdı

“Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində də böyük uğurlar əldə edilmişdir”.
 
Moderator.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı barədə çıxışında belə deyib.
 
Spiker deyib ki, ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iri miqyaslı infrastruktur layihələri həyata keçirilib:
 
“Sənaye və energetika sektorlarında modernləşdirmə davam etdirilmiş, iqtisadiyyatın qeyri-neft-qaz sahələri daha da genişləndirilmişdir. Nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal transformasiya, turizm və innovasiyalar sahəsində önəmli tədbirlər görülmüşdür. Son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanmışdır. Azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
 
Bu gün Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası reallaşdırılır, yeni iqtisadi və sosial mərkəzlər yaradılır. Böyük qayıdış dövlət proqramı mərhələ-mərhələ həyata keçirilir”.  
 
Spiker ötən il Ümumi Daxili Məhsulun artımının davam etdiyini, ölkənin strateji valyuta ehtiyatları 20 faizə yaxın artaraq 85 milyard ABŞ dollarını ötdüyünü xatırladıb:
 
“Bu da məmnunluqla qeyd edilməlidir ki, iqtisadi artım qeyri-neft-qaz sektorunda daha yüksək olmuş, iqtisadiyyata yönələn investisiyaların təqribən 75 faizi də bu sahənin payına düşüb.
 
Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi kursun həyata keçirilməsində Nazirlər Kabineti mühüm rol oynayır. Hökumətin səmərəli fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı vəzifələrin uğurla yerinə yetirilməsini təmin edir.   Biz həmişə məmnunluqla qeyd edirik ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına şərait yaradır, iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakını təmin edir. Onu da deyim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təklif və tövsiyələr, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təklif və tövsiyələrin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir. Düşünürəm ki, deputatlar bu gün aparacağımız müzakirədə fəal iştirak edəcək və səmərəli təkliflər irəli sürəcəklər”.
 
Link kopyalandı!
Son xəbərlər