Əli Əsədov hökumətin 2025-ci il fəaliyyətini açıqladı – nəqliyyat və rəqəmsal sektor iqtisadi artımı sürətləndirir
Siyasət
316
11:57, Bu gün

Əli Əsədov hökumətin 2025-ci il fəaliyyətini açıqladı – nəqliyyat və rəqəmsal sektor iqtisadi artımı sürətləndirir

"Prezident İlham Əliyevin Davos platformasında vurğuladığı kimi nəqliyyat, rəqəmsal infrastruktur, yaşıl enerji  və hasilat sənayesinin yeni mərhələsi Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları kimi çıxış edir".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
 
Nazir qeyd etdi ki, Hesabat ilində xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını göstərir:
 
"2025-ci ildə qeyri-neft ÜDM-nin 13%-i bu sahələrin hesabına formalaşmışdır. Yük və sərnişin daşımalarının artması Azərbaycanın regional tranzit rolunun möhkəmləndiyini təsdiqləyir və Orta Dəhliz strategiyasının real prosesə çevrildiyini göstərir. 
 
İnformasiya və rabitə xidmətləri sektorunun genişlənməsi iqtisadiyyatın texnoloji komponentinin gücləndiyini, məhsuldarlığın fiziki kapitalla yanaşı, bilik, rəqəmsallaşma və innovasiya vasitəsilə artdığını göstərir.
 
Ötən ildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiq edilmişdir. 
 
Cənab Prezidentin 30 yanvar 2025-ci il Sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. 
 
Proqram çərçivəsində dayanıqlı nəqliyyat sisteminin qurulması, xidmət keyfiyyətinin artırılması, nəqliyyatda rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi əsas istiqamətlər kimi müəyyən edilmişdir.
 
Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilmişdir. 
 
2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş, yenidən qurulmuş və əsaslı təmir olunmuş, 84 km dəmir yolu xətti yenidən qurulmuş, 7 dəmir yolu tuneli və körpüsü tikilmiş və əsaslı təmir olunmuşdur".
 
Əlavə olaraq o da qeyd olundu ki, hesabat ilində energetika sahəsində infrastrukturun modernizasiyası, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sisteminə yeni generasiya güclərinin daxil edilməsi, habelə yaşıl enerjinin tətbiqi istiqamətində tədbirlər davam etdirilmişdir:
 
"2025-ci ildə enerji istehsalı 28,6 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24,7 mlrd. kVts-a yüksəlmişdir. 
 
Hazırda Hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir. 
 
Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. 
 
Bərpa olunan enerji sahəsində böyük potensialımızın reallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub. 
 
Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
 
Bununla yanaşı, qaz təchizatı coğrafiyasının genişləndirilməsi və yeni ixrac marşrutlarının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.
2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 mlrd. kubmetr qaz ixrac edilmişdir. 
 
Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilmiş və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılmışdır. 
Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlmişdir. 
 
Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılmışdır".
 
Pərvin Şakirqızı 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər