Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin nəticələri ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına verilən önəmin daha bir bariz göstəricisi oldu. Bu müsabiqə qeyri-hökumət təşkilatlarının cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərini dəstəkləmək, sosial layihələrin həyata keçirilməsinə yeni imkanlar yaratmaq və ictimai faydalı fəaliyyətlərin miqyasını genişləndirmək baxımından mühüm rol oynayır. Sevindirici haldır ki, qaliblər sırasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi də yer alıb. Bu uğur təşkilatımızın illərdir həyata keçirdiyi sosial təşəbbüslərin, xüsusilə də valideyn himayəsindən məhrum və həssas qrupdan olan uşaqların müdafiəsinə yönəlmiş fəaliyyətinin qiymətləndirilməsi kimi böyük əhəmiyyət daşıyır. Layihəmizin dəstəklənməsi bizə daha geniş miqyasda fəaliyyət göstərmək, ehtiyacı olan uşaqlara sosial, psixoloji və mənəvi dəstək proqramlarını həyata keçirmək üçün yeni imkanlar yaradır.
Ümumilikdə, Azərbaycan Respublikasının Qeyri‑Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son illərdə şəffaf, ədalətli və çoxşaxəli fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutlarının inkişafına mühüm töhfələr verir. Agentliyin təşkil etdiyi qrant müsabiqələri açıq meyarlar, obyektiv qiymətləndirmə mexanizmi və ictimai nəzarət prinsipləri əsasında həyata keçirilir. Bu yanaşma QHT-lər arasında sağlam rəqabət mühitinin formalaşmasına, layihələrin keyfiyyətinin yüksəlməsinə və ictimai əhəmiyyətli təşəbbüslərin daha geniş dəstək qazanmasına şərait yaradır.
Agentlik yalnız maliyyə dəstəyi ilə kifayətlənmir, eyni zamanda qeyri-hökumət təşkilatlarının institusional inkişafına, idarəetmə bacarıqlarının gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və sosial layihələrin effektiv həyata keçirilməsinə də dəstək göstərir. Bu da, QHT sektorunun daha peşəkar və davamlı fəaliyyət göstərməsinə mühüm zəmin yaradır. Bu baxımdan, 2026-cı il qrant müsabiqəsinin nəticələri bir daha göstərir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına sistemli və ardıcıl şəkildə diqqət yetirilir. Bu prosesdə əhəmiyyətli rol oynayan Agentliyin dəyərli rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə və bütün kollektivinə göstərdikləri etimada, şəffaf və ədalətli seçim mexanizminə görə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu dəstək sayəsində həyata keçiriləcək layihələr cəmiyyətimiz üçün faydalı təşəbbüslərin sayını artıracaq, sosial həmrəyliyin güclənməsinə və xüsusilə də qayğıya ehtiyacı olan uşaqların daha yaxşı gələcək qurmasına mühüm töhfə verəcəkdir.
Lamiyə İsazadə
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri