Prezident İlham Əliyev Qlobal Bakı Forumunda mühüm mesajlar verdi - VİDEO
Siyasət
246
18:35, Bu gün

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda mühüm mesajlar verdi - VİDEO

Türkiyənin "Haber Global" telekanalının efirində bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində işə başlayan 13-cü Qlobal Bakı Forumu ilə bağlı süjet yayımlanıb.

Moderator.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbir çərçivəsində iki gün ərzində dünya gündəminin ən aktual məsələlərinin müzakirə olunacağı sessiyalar təşkil ediləcək.

Əvvəlki illərin ənənəsinə sadiq qalaraq, bu dəfə də dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəhbərləri, sabiq prezidentlər, baş nazirlər və qlobal miqyasda qərar qəbul edən nüfuzlu şəxslər forumda bir araya gəliblər. Məhz buna görə də sözügedən tədbir tez-tez "Qafqazın Davosu" kimi xarakterizə olunur.

Tədbirin açılış mərasimində ev sahibi qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı nitqində təhlükəsizlik məsələsinin əsas prioritetlərdən biri olduğunu vurğulayaraq bildirib ki, dövlətlərin ərazi bütövlüyünə qəsd edilməsi və beynəlxalq hüquq normalarının tapdalanması çox ağır nəticələrə səbəb olur.

Prezident İlham Əliyev eyni zamanda Ermənistanla aparılan sülh danışıqları prosesinə də toxunub. O qeyd edib ki, yekun sülh əldə olunduqdan sonra Orta Dəhlizin yeni qolunun formalaşdırılması istiqamətində ortaq fəaliyyət həyata keçirilə bilər. Prezident vurğulayıb ki, yeni marşrut xətti Ermənistan ərazisini də əhatə edəcək və bu layihə nəticəsində Ermənistan tarixində ilk dəfə tranzit dövlət statusu əldə edə bilər.

Dünyanın müxtəlif ölkələrini təmsil edən 400-dən artıq qonağın iştirak etdiyi forum çərçivəsində sessiyalar günboyu davam edir. Cari il keçirilən toplantı "Keçid dövründəki dünyada fərqlərin aradan qaldırılması" devizi altında təşkil olunub.

 

Link kopyalandı!
Son xəbərlər