Martın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Komitənin sədri Polad Bülbüloğlu diqqətə çatdırıb ki, iclasda “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.
Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komitə sədri qeyd edib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olunaraq qəbul edilib. O, plenar iclas zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər barədə məlumat vermək üçün sözü Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə təqdim edib.
Adil Vəliyev deputatların müzakirələrdə səsləndirdikləri fikirləri və təklifləri diqqətə çatdırıb. Qeyd olunub ki, “mədəniyyət sənayesi” anlayışının “mədəni və yaradıcı sənaye” anlayışı ilə əvəz edilməsi beynəlxalq terminologiyaya uyğundur. Vurğulanıb ki, “mədəni və yaradıcı sənayelər” ifadəsi yeni anlayış deyil, milli qanunvericilik aktlarında bu anlayış öz əksini tapıb. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun “Normativ hüquqi aktın mətninə dair üslub tələbləri” adlanan 56-cı maddəsində imperativ norma kimi təsbit olunub ki, normativ hüquqi aktın mətnində eyni mənada müxtəlif anlayışların (terminlərin) işlədilməsinə yol verilmir.
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək layihədə “Mədəniyyət haqqında” Qanuna mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi ilə bağlı təklif olunan yeni 45.4-cü maddənin əlavə edilməsi barədə məlumat verib. O, bildirib ki, təklif edilən dəyişiklik mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi mexanizminin genişləndirilməsini nəzərdə tutur. Belə ki, qeyri-hökumət təşkilatları ilə yanaşı, hüquqi şəxslərin digər növlərinin, eləcə də fiziki şəxslərin bu prosesdə iştirakının tənzimlənməsi üçün xüsusi qaydanın təsdiqi nəzərdə tutulub. Nazir müavini bu istiqamətdə görülən işlər barədə də məlumat verib.
Müzakirələrdə deputatlar Əlibala Məhərrəmzadə, Şahin Seyidzadə, Tənzilə Rüstəmxanlı, Cavanşir Feyziyev, Novruzəli Aslanov, Sahib Alıyev, Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli çıxış edərək dəyişikliklərlə bağlı rəy və təkliflərini söyləyiblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova və Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova qaldırılan məsələlərə aydınlıq gətiriblər, səslənən təkliflərə münasibət bildiriblər.
İclasın sonunda qanun layihəsi ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə deputat Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.