"Regiondakı dövlətlər içərisində, əminliklə demək olar ki, İran qədər qonşuluqdan danışan yoxdur. Rəsmi Tehran son illər durmadan qonşu ölkələrlə münasibətlərin əhəmiyyətindən danışıb və danışır. Hətta nə qədər paradoksal olsa da, artıq bir həftəsi tamam olan müharibə dövründə də qonşu ölkələrə raket və dron ata-ata yenə qonşuluqdan danışır".
Moderator.az-ın xəbərinə görə, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Uzağa getmək lazım deyil, istənilən xəbər saytını açıb son günlər İran rəsmilərinin qonşu ölkələrlə bağlı açıqlamalarına baxmaq kifayətdir. Hamısı da müsəlmanlıqdan, qonşuların suverenliyinə hörmətdən dəm vurub. Amma belədirsə, ABŞ-İsrail tandeminin hücumunu bəhanə edib qonşu ölkələrə durmadan yağdırılan raketlər nədir? Özü də, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə, yaxud Küveytə atılan raket və dronların sayı müharibənin tərəfi olan İsrailə atılanlardan dəfələrlə çoxdur. Üstəlik, hədəflər təkcə hərbi obyektlər deyil, enerji infrastrukturu, otellər, ticarət və istirahət mərkəzləri, digər mülki binalardır. İranın bu "qonşuluq strategiyasını" iki-üç gün öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan dəqiqliklə açıqlayıb:
"İran "Mən gedərəmsə, regionu da özümlə apararam" strategiyası əsasında bölgə ölkələrinə hücumlar edir".
Və deyəsən, İran rəhbərliyi bu strategiyada qonşulardan heç birini istisna etmək fikrində deyil. Buna görə də son iki gündə indiyə qədər hücum etmədiyi qonşularını da hədəfə alıb: əvvəlcə Türkiyəni, dünən də Azərbaycanı", - deyə materialda qeyd edilib.
Daha ətraflı videosüjetdə: