Bəhreyn Xarici İşlər Nazirliyi İranın Azərbaycan və Türkiyəyə qarşı hücumlarını qətiyyətlə pisləyib.
Moderator.az-ın məlumatına görə, bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilir.
"Bəhreyn Xarici İşlər Nazirliyi İranın qardaş Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyir və qəbulolunmaz hesab edir. Bu hərəkətlər mehriban qonşuluq prinsiplərinin, beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması, habelə regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiyadır", - məlumatda qeyd olunub.
Bəhreyn XİN Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu təsdiqləyib, bu ölkələrin öz suverenliyini qorumaq, təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi tədbirlərə dəstəyini ifadə edib.
Nazirlik həmçinin regional təhlükəsizliyi və sabitliyi sarsıdan "bu əsassız və təxribatçı təcavüz aktlarını" dayandırmağa çağırıb.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.