Albaniyanın Baş naziri Edi Rama Azərbaycanın Naxçıvan bölgəsində mülki infrastruktura qarşı həyata keçirilən hücumu qəti şəkildə pisləyib.
Moderator.az xəbər verir ki, hökümət başçısı bu barədə "X" hesabında yazıb.
O bildirib ki, Azərbaycan ərazisinə edilən hücum, mülki infrastrukturu hədəfə alması və nəticədə insanların yaralanması İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktıdır.
Edi Rama qeyd edib ki, Azərbaycan Albaniya üçün dəyərli dost və müttəfiqdir. Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıq siyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb.
Albaniyanın baş naziri vurğulayıb ki, Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir.
Rama həmçinin bildirib ki, Tehrandakı rejimin mülki əhalini qorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcrid olunmasına səbəb olmalıdır.
Baş nazirin sözlərinə görə, başqa ölkələrin mülki infrastrukturu hədəfə alındıqda və suveren sərhədlər pozulduqda aqressiya ilə terrorizm arasındakı sərhəd aradan qalxır.
O əlavə edib ki, sabitliyə, beynəlxalq hüquqa və sülh şəraitində birgə yaşayışa inanan dövlətlər bu cür zorakılıq ixrac edən rejimdən açıq şəkildə uzaqlaşmalı və onu terrorçu dövlət kimi qiymətləndirməlidirlər.
Edi Rama Albaniyanın Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəy olduğunu vurğulayıb.
“Yol aydındır: aqressiya təcrid olunmalı, aqressorlar isə qəti şəkildə pislənməlidir. Zorakılıq yolunu seçənlər sülh tərəfdarlarının artan birliyinə cavab verməli olacaqlar”, – deyə o qeyd edib.