Seliverstov: Azərbaycanın suverenliyi və təhlükəsizliyi
Siyasət
269
18:57, Bu gün

Seliverstov: Azərbaycanın suverenliyi və təhlükəsizliyi "qırmızı xətt"dir

İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumları təkcə iki dövlət arasındakı münasibətlərə deyil, bütövlükdə regionda təhlükəsizlik və sabitliyə qarşı yönəlmiş açıq təxribatdır.

Moderator.az xəbər verir ki, bunu "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov deyib.

O bildirib ki, bu hücumlar mülki obyektlərin və mülki vətəndaşların təhlükəsizliyini hədəfə aldığı üçün terror xarakterli akt kimi qiymətləndirilməlidir:

"Dövlət sərhədinin pozulması və mülki infrastruktura qarşı dron zərbələrinin endirilməsi beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır. Baş vermiş hadisəyə görə bütün siyasi və hüquqi məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Hər hansı dövlətin ərazisindən digər dövlətin ərazisinə silahlı vasitələrlə hücum həyata keçirilməsi beynəlxalq hüquqa görə qadağandır".

D.Seliverstov qeyd edib ki, İran Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində dron zərbəsi endirməsi mövcud rejimin region siyasətində nümayiş etdirdiyi qeyri-məsuliyyətli və ziddiyyətli yanaşmanın növbəti təzahürüdür.

"Xüsusilə mülki infrastruktura qarşı belə hücumların həyata keçirilməsi nə hərbi baxımdan əsaslandırıla bilər, nə də beynəlxalq hüquq çərçivəsində qəbul edilə bilər", - o bildirib və əlavə edib ki, Azərbaycan dövləti isə uzun illərdir regionda sabitlik və mehriban qonşuluq prinsiplərinə sadiq qalıb:

"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt üçüncü tərəflər tərəfindən İrana qarşı istifadə edilməyib və edilməyəcək. Bu mövqe Azərbaycanın dövlət siyasətində prinsipial xətt kimi qorunub. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında baş verən faciəli hadisələr zamanı humanist və diplomatik baxımdan son dərəcə korrekt mövqe nümayiş etdirib. Bu addımlar dövlətlərarası münasibətlərdə etik davranışın və siyasi mədəniyyətin göstəricisi idi".

Onun fikrincə, digər mühüm məsələ İranda yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlıdır:

"Uzun illərdir ki, İran hakimiyyətinin siyasəti nəticəsində milyonlarla azərbaycanlı müxtəlif formalarda təzyiq və diskriminasiya ilə üzləşir. Azərbaycanlı fəalların təqib olunması, hüquqlarının məhdudlaşdırılması və ictimai fəaliyyətlərinə görə cəzalandırılması artıq beynəlxalq hüquq müdafiə təşkilatlarının da diqqət mərkəzindədir. Bu faktlar göstərir ki, regionda baş verən hadisələr yalnız hərbi və ya siyasi insident kimi deyil, daha geniş kontekstdə – insan hüquqları və regional təhlükəsizlik prizmasından qiymətləndirilməlidir".

Hüquqşünas onu da vurğulayıb ki, Azərbaycan regionda sabitliyin tərəfdarıdır, lakin dövlətin suverenliyi, ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyi hər şeydən üstündür:

"Beynəlxalq hüquqa əsasən, hər bir dövlət özünü müdafiə etmək hüququna malikdir. Buna görə də Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu cür hücum aktlarının cavabsız qalması mümkün deyil. Tarix dəfələrlə sübut edib ki, Azərbaycanın təhlükəsizliyinə qarşı yönəlmiş addımlar gec-tez həmin addımları atan tərəf üçün ciddi siyasi nəticələr doğurur. Azərbaycanın suverenliyi və təhlükəsizliyi "qırmızı xətt"dir. Bu xətti keçən hər kəs isə atdığı addımın nəticələrinin qaçılmaz olduğunu anlamalıdır".

Link kopyalandı!
Son xəbərlər