Türkiyə və Pakistanla məsləhətləşmələrin aparılması məqsədəuyğun addım ola bilər...
ADP İran dövlətinin pilotsuz uçuş aparatları tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanının, orta məktəb və digər istiqamətlərin atəşə məruz qalması hadisəsi ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda deyilir:
ADP İran dövləti tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanının, onun terminal binasının, orta məktəb və digər istiqamətlər üzrə endirilmiş dron zərbəsi nəticəsində bir neçə vətəndaşın xəsarət alması və maddi ziyanın baş verməsi ilə müşayiət olunan hadisəni qətiyyətlə pisləyib. ADP bildirir ki, mülki əhalinin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər qəbuledilməzdir və regionda onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirə bilər.
ADP hesab edir ki, baş verən hadisə Azərbaycanın regionda gedən müharibə prosesinə süni şəkildə cəlb olunmasına yönəlmiş təhlükəli cəhddir. Azərbaycan indiyədək İranla İsrail arasında baş verən qarşıdurmada hər hansı tərəfin yanında yer almayıb və ölkəmizin rəsmi mövqeyi də məhz regional sabitliyin qorunmasına xidmət edib. ADP hesab edir ki, Azərbaycan dövləti həm də sadə İran xalqının təhlükəsizliyini və rifahını nəzərə alan humanist mövqe nümayiş etdirir və bölgədə gərginliyi artıran bütün addımları qətiyyətlə pisləyir.
ADP bəyan edir ki, baş verən hadisə müəyyən qüvvələr tərəfindən Azərbaycan ilə İran arasında münasibətləri pozmağa yönəlmiş təxribat xarakterli addım kimi də dəyərləndirilə bilər. Eyni zamanda belə addımların Azərbaycan ilə Cənubi Azərbaycanda yaşayan türklər arasında tarixi, mədəni və humanitar təmasların zəiflədilməsinə hesablanmış olması ehtimalı da istisna edilmir. Bununla yanaşı, hadisə bəzi dairələrin öz daxili problemlərini və məsuliyyətlərini qonşu dövlətlərin üzərinə yönəltmək cəhdi kimi də qiymətləndirilə bilər.
ADP bu hadisə ilə bağlı Azərbaycanın yanında olduqlarını bildirən və ölkəmizə dəstək nümayiş etdirən Moldova, Gürcüstan, Ukrayna, Qətər, Səudiyyə Ərəbistanı və qardaş Türkiyə dövlətlərinə təşəkkürünü bildirir. Partiya həmçinin Azərbaycan hökumətinin hadisəyə verdiyi reaksiyanı ümumilikdə adekvat hesab edir.
ADP hesab edir ki, mövcud vəziyyətdə Azərbaycan hökumətinin maksimum təmkin nümayiş etdirməsi və ölkənin regional münaqişələrə cəlb olunmasının qarşısını alması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın mövcud regional qarşıdurmadan kənarda qalması ölkənin milli maraqlarına tam uyğun mövqedir.
ADP eyni zamanda hesab edir ki, yaranmış vəziyyətlə bağlı Azərbaycanın strateji və hərbi müttəfiqləri olan Türkiyə və Pakistanla məsləhətləşmələrin aparılması məqsədəuyğun addım ola bilər.
ADP ölkə vətəndaşlarını da təmkinli olmağa, baş verən təxribat xarakterli hadisələrə emosional yanaşmamağa və dövlətin təhlükəsizlik institutlarına etimad göstərməyə çağırır.
ADP əmindir ki, Azərbaycan xalqı bu cür təxribatların regionda sabitliyi pozmaq məqsədi daşıdığını anlayır və milli həmrəyliyini qoruyaraq bu sınaqlardan da uğurla çıxacaq.